ÖTMÜŞ QATAR. davamı ( 12 )

Rənanın söhbətdən tutulduğunu görüb :
-Yaxşı , gecdir , get , – dedi .
Rəna başı ilə razılıq edib, evinə tərəf getdi . Aramla pillələri qalxıb qapını açdı. İşığı yandırıb əlindəki gül dəstəsini masanın üzərinə qoydu .Eyvana çıxıb Aydına işarə ilə evə çatdığını anlatdı .
Aydın maşını yenidən işə salıb asta sürətlə həyətdən çıxdı . Rəna maşın gözdən itənə qədər arxasınca baxırdı . Maşın uzaqlaşdıqca ona elə gəlirdi ki , sevincini də əlindən alıb aparır . Özü də lap uzaqlara…
Tələsmədən otağa keçdi . Çiçəkləri güldana qoyub məhəbbətlə tamaşa etməyə başladı . Bu güllər onun səadətinin tək şahidi idilər .
Divana əyləşib başını arxaya söykədi . Yorğun olsa da , yatmağa tələsmirdi . Bu günün təəssüratlarından ayrılmaq , səadət dolu bir günü başa vurmaq istəmirdi . Əksinə , yaşadığı hissləri kiminləsə paylaşmaq , bölüşmək istəyirdi . Özlüyündə “ İlahi , – düşündü , – bu həqiqətdir , yoxsa yuxu ? Əgər yuxudursa , oyatma məni Tanrım , heç olmasa indi səadətimi əlimdən alma. Qoy ömrümün sonuna qədər bu röya içində xoşbəxt olum. Oyatma məni , oyatma…”
Onun ən yaxın sirdaşı , ürək dostu bacısı Nərgiz idi . Saata baxdı . Gec olsa da telefonu götürüb nömrəni yığdı . Dəstəyi Nərgiz qaldırdı . Rənanın səsini eşitcək həyəcanlandı :
-Xeyir ola , Rəna ? Adətən sən bu vaxtlar yatmış olursan …
Rəna gülüb :
-Narahat olma , Nərgiz , – dedi . Hər şey qaydasındadır . Sadəcə…
-Nə olub ?
-Bacı , sənə deyəcəklərim var , – sözünə ara verdi , – amma …nəyi hardan başlayacağımı bilmirəm.
-Rəna , məni nigaran qoyma . Hər halda , gecənin bu aləmində boş yerə zəng vurmamısan.
-Yaxşı , elə isə , yerini rahatla , söhbətimiz uzun çəkəcək .
Rəna son günlər yaşananları bütün təfərrüatı ilə bacısına nəql etdi . Nərgiz onu dinlədikcə necə xoşbəxt anlar yaşadığını qəlbən duyurdu . Ona maraqla , səbrlə qulaq asır , sözünü kəsməyə cürət etmirdi . Həyatdan küskün , süst Rəna indi dil – dil ötürdü . Səsində , danışığında o qədər həyat eşqi vardı ki…
Onu dinlədikcə , Nərgizin başında bir fikir dolanırdı “ Allahım , doğrudan da ilk məhəbbət unudulmurmuş…və xariqələr yaratmağa qadirmiş…Gör Rəna bir neçə günün içində necə dəyişib?! “
Rəna söhbətini yekunlaşdırıb :
-Bax belə , bacı , – dedi . Həyat məni təəccübləndirməyə davam edir. 
-Sənə görə çox şadam , Rəna . Sən hər cür xoşbəxtliyə layiqsən . İnanıram , bütün varlığımla inanıram ki , gec də olsa , səadətini tapacaqsan . Həyat hər ikinizə kifayət qədər acılar yaşadıb . Elə o səbəbdən də indi bir – birinizi daha yaxşı anlayacaq , bir – birinizə arxa – dayaq duracaq , hayan olacaqsız. Çünki , hər ikinizin buna ehtiyacınız var . Gəncliyinizin uğursuzluqları sizi bir – birinizə daha möhkəm tellərlə bağlayacaq . Məni sevindirdin , Rəna . Xoşbəxtlik sənə tərəf addımlayır , qollarını aç , onu qəbul et.
Rəna bacısını dinlədikcə gözləri gülür , aldığı xeyir – duadan yerə – göyə sığmırdı :
-Çox sağ ol , Nərgiz . İndi bu sözlərə çox ehtiyacım var .
-Səni anlayıram , – nəsə düşündü , – Rəna , sabah iş günü deyil . Bəlkə bizə gələsən ?
-Hə , elə onu deyəcəkdim . Sizinçün darıxmışam .Anamı da görmək istəyirəm . 
-Lap yaxşı . Özün hər şeyi ona da danışarsan. Onun sevincini özün öz gözlərinlə görərsən .
Rəna duruxdu :
-Anam …sevinəcəkmi ?
-Rəna , səninlə bu barədə danışmağa ürək eləmirdim …Amma indi deyəcəm.Sənin tənha həyatın hər ikimizi çox narahat edirdi . Qadının ən böyük faciəsi onun tənhalığıdır . Anam …özünü sənin qarşında çox günahkar hesab edir . Hər dəfə söz düşəndə “ Gül kimi balamın bədbəxtliyinə səbəb oldum “ deyir . Hətta gizlin – gizlin ağlayır da …Nə deyim , anadır …ürəyi sənin yanındadır .Burda günü nə qədər xoş keçsə də, yenə “ Rənam təkdir ,- deyir , – ölüb gedəcəm , onun işi necə olacaq ?”
Rənanın gözləri doldu :
-Əslində onda heç bir günah yoxdur …Nə isə …Olan oldu , keçən keçdi .
Nərgiz Rənanın kövrəldiyini hiss edib :
-İndi bu xəbəri eşitsə , çox sevinəcək , inan mənə , – dedi , – Səhər hamılıqla səni gözləyirik .Gəl , sevincimizə sevinc qat , bacım. Buna yalnız şadlanmaq lazımdır . 
Rənanın gözləri güldü :
-Yaxşı , bacı . Səhər gələrəm , doyunca söhbət edərik .
-Hə , anamızı da sevindirərik .
-Gecən xeyrə qalsın .
-Xeyrə qarşı.
Rəna dəstəyi yerinə qoyub rahat nəfəs aldı . Aydının ayrılarkən dediyi son cümləni xatırladı : “ Bizim qatarımız qayıdır …Uzun – uzadı yol gedərək , dövrə vurub geri dönür…”

Ardı var.

Govher Rustamova 
www.kafiye.net