ÖTMÜŞ QATAR. davamı.(11)

Hər ikisi xoşbəxt idi . Bir neçə saat əvvəl ürəyinin hər döyüntüsü qulaqlarında eşidilən Rənaya indi hər saniyə , hər dəqiqə əziz idi . Özünü lap nağıllardakı şahzadə kimi hiss edirdi . Hərdən də hər şey ona şirin röya kimi görünürdü , heç zaman ayılmaq istəmədiyi bir röya kimi …
O qədər xoşbəxt idilər ki , saat əqrəbinin necə irəlilədiyindən , zamanın necə ötdüyündən də xəbər tutmurdular . Əllərində imkan olsaydı , saatı da , zamanı da durdurardılar . Hər ikisi məmnun idi ; onların səadətini əllərindən alacaq , onlara mane olacaq heç bir qüvvə yox idi …İndi öz həyatlarının hakimi elə özləri idi .
Rəna saatına baxanda heyrətləndi :
-Aman Allah , biz düz dörd saatdır ki , burdayıq .
Aydın gülümsədi :
-Dörd saat çoxdurmu ? , – sözünə ara verdi , – bəlkə də restoranda oturmaq üçün çoxdur , amma …bir ömür yaşamaq üçün …
Rəna söhbətin hansı tərəfə yönəldiyini anlayıb :
-Bəlkə yavaş – yavaş qalxaq ? Artıq gecdir , söhbətimizi yolboyu da davam edə bilərik , – dedi .
Aydın etiraz etmədi :
-Nə deyirəm , sən deyən olsun . Sən bir balaca gözlə , indi gəlirəm, – deyib ayağa qalxdı .
Az sonra masanın haqqını ödəyib Rənaya yaxınlaşdı :
-Hə , indi gedə bilərik .
Birlikdə restorandan çıxıb maşına əyləşdilər . Susurdular…Xoşbəxtlik nağılının sonu çatmışdı ; indi yenidən hərə öz tənha həyatına , tənha otağına dönürdü …
Aydın maşını asta sürətlə sürür , arabir güzgüdə Rənaya baxıb gülümsəyirdi.O baxışlar Rənaya dünyanı bəxş edirdi .
Sükutu Aydın pozdu :
-Rəna , həyat bizi çox sınağa çəkdi . Çox iztirablar yaşatdı , amma əqidəmizdən döndərə bilmədi . Biz elə əvvəlki Aydın və Rənayıq . Zaman saçlarımızı ağartsa da, alnımıza qırışlar salsa da , qəddimizi əyə bilmədi . O ülvi hisslərimizi əlimizdən ala bilmədi . Biz bütün sınaqlardan alnıaçıq , üzüağ çıxdıq . 
Aydın danışdıqca Rənanın ürəyi titrəyirdi . Qaşları çatılır , üzünə soyuq tər gəlirdi .
Evinə çatmağa az qalmış Aydın yenidən dilləndi :
-Rəna , nə demək istədiyimi yaxşı anlayırsan . Mən səni tələsdirmirəm . Amma uzatmağın da mənası yoxdur . Unutma ki , bu məsələ yetərincə uzanıb – düz otuz il ! Vaxt gedir , ömür keçir …Hər halda , düşün , götür – qoy et .Heç olmasa , bundan sonrakı həyatımızı öz istədiyimiz kimi yaşayaq.
Rəna astadan :
-Gec deyilmi , Aydın ?, – dedi .
Aydın güldü :
-Heç vaxt , heç nə gec deyil . Bəli , bizim mühit bizi sıxır . Amma bizim də hamı kimi yaşamaq və xoşbəxt olmaq haqqımız var . Qurtul Rəna ! O dar çərçivədən də , məngənədən də qurtul ! 
-Sənin övladların var , Aydın .
Aydın acı- acı gülümsədi :
-Övladlarım…Hanı o övladlarım ? Mən onlara yalnız maddi ehtiyaclarını ödəmək üçün lazım oluram . Şəxsi həyatım isə onlara maraqlı deyil . Hərəsi öz həyatını yaşayır , aylarla yadlarına düşmürəm. Bir də ki …Onlar mənim həyatımın hakimi deyillər . Rəhmətlik anamın hakimliyi mənə çox baha oturdu , indi bu haqqı kimsəyə verə bilmərəm.
Rəna çox çətin sual qarşısında idi . Söhbəti yumşaltmaq qərarına gələn Aydın sakit səslə :
-Darıxma , Rəna , – dedi . Hər şey yaxşı olacaq . 
Binanın qarşısına çatanda Rəna sağollaşıb maşından düşmək istəyirdi ki , Aydın onu saxladı :
-Rəna , deyirdin ki , ürəyindəki yer ancaq mənə məxsus idi , oraya kimsə daxil ola bilmədi …, – Rənanın gözlərinə baxdı, – mən öz yerimi yenidən tutmaq istəyirəm . 
Rəna başını aşağı saldı . Gül dəstəsini götürüb maşından düşdü . Dönüb Aydına baxdı :
-Hər şeyə görə çox sağ ol , Aydın…
Binaya tərəf addımlayırdı ki , Aydın maşının qapısını açıb :
-Rəna , – dedi , – ötmüş qatarı geri qaytarmağın vaxtı çatıb….Yaxşı – yaxşı düşün.
-Qatar ötdüyü yolla bir daha geri qayıtmır , Aydın…
-Bizim qatarımız qayıdır ; uzun – uzadı yol getdikdən sonra dövrə vurub geri dönür …Onu qarşılamaq lazımdır , – gülümsəyib gözlərini qıydı .

Ardı var.

Govher Rustamova 
www.kafiye.net