ÖTMÜŞ QATAR. davamı.(10 )

Həmin gecə hərə öz evində , öz xəyalları ilə baş – başa idi. Hisslərində sevinc də vardı, kədər də , həyəcan da vardı , ümid də…
Rəna bir qədər dincini alıb güzgünün qarşısına keçdi . İllərin alnına saldığı qırışlara , saçlarına əldiyi dənlərə baxıb köks ötürdü . “Qəribədir, – düşündü, – insana elə gəlir ki ,o, heç vaxt qocalmayacaq ; həmişə gənc , təravətli qalacaq…Zamansa , öz işini görür …”
Aydın elə divandaca , oturduğu yerdə mürgüləmişdi . İndi o, heç kim və heç nə barədə düşünmək istəmirdi , Rənadan savayı . Daxilində qəribə bir rahatlıq vardı.Hansısa hiss ona “ Darıxma Aydın , sən mütləq istəyinə qovuşacaqsan , yaşının ixtiyar çağında olsa belə öz Rənanla xoşbəxt ömür sürəcəksən”deyirdi.
Səhər Rəna həmişəki kimi iş başında idi . Bir – bir otaqları gözdən keçirir , davamiyyəti yoxlayır , uşaqların səhər yeməyinə ciddi nəzarət edirdi . 
Otağına keçib sənədləri gözdən keçirməyə başladı . Telefonun zəngi onu işindən ayırdı . Dəstəyi qaldırıb :
-Alo ! , – dedi .
-Sabahın xeyir, Rəna .
-Aydın ?, – özünü itirdi .
-Hə , mənəm . Mane olmadım ki ? 
-Y…Y…Yox , xeyirdirmi ? 
-Narahat olma . Əlbəttə xeyirdir . 
-Telefon nömrəmi hardan bilirsən ?
Aydın ucdan güldü:
-Onu tapmaq mənimçün su içmək qədər asan bir işdir . Sənə xəbərim var . Hazırlaş , işdən sonra səni çox maraqlı bir yerə aparacam. Əminəm ki , xoşuna gələcək. 
Rəna çaşbaş qaldı :
-Nə danışırsan ? Yox , lazım deyil . Mənim işdən sonra vacib işlərim var .
Aydın yenə güldü :
-Sakit ol . Bilirəm ki , heç bir işin yoxdur . Sadəcə , həyatında baş verən dəyişikliklərə hazır deyilsən. O da ki , müvəqqəti haldır .
-Axı mən…
-Hazırlaş , işdən sonra səni gözləyəcəm.
-Aydın…
-Heç dəyişməmisən , Rəna. Həminki qorxaq , ürkək Rəna …Yaxşı , mane olmayım. Axşama qədər .
-Hələlik.
Rəna özünü necə itirdisə , dəstəyi yerinə qoymağı da unutdu . İndi onun gözləri yol çəkir , qulağındakı dəstəkdə isə telefon xəttinin fasiləsiz çağırışı gedirdi .
Hadisələrin belə sürətli inkişafı onu əməlli – başlı çaşdırmışdı. Sakit həyatına birdən – birə təlatüm gəlmişdi və o , bu təlatümün içində çapalayırdı . Haraya üz tutacağını bilmirdi . 
Birtəhər özünü toplayıb dəstəyi yerinə qoydu . Vəziyyətdən çıxış yolu axtarmağa başladı . 
Nahar fasiləsində yaxınlıqdakı “Gözəllik salonu “ na gedib özünü sahmana saldı. 
Otağındakı güzgünün qarşısına keçəndə təəccübdən gözləri böyüdü ; səhər güzgüdə gördüyü Rənadan əsər – əlamət qalmamışdı. İndi ona xeyli gəncləşmiş, üzündə – gözündə həyat eşqi , sevinc qığılcımları parlayan Rəna baxırdı.
İş gününün sonuna lap az qalırdı . Rəna saata baxdıqca həyəcanı artırdı . Hər gün qapını həvəssiz bağlayıb , aramla bağçadan çıxan , evinə çatmağa tələsməyən Rəna indi saatın əqrəbləri irəlilədikcə ürək döyüntüsünün artdığını hiss edirdi .
Nəhayət , özünü ələ alıb qapını bağladı. Gözətçiyə bəzi göstərişlər verib bağçadan çıxdı. Ətrafa göz gəzdirdi . Aydın yox idi . Özünü sındırmadan dayanacağa tərəfə irəliləməyə başladı . Bir neçə addım getmşdi ki , yanında qara rəngli , xarici markalı avtomobil dayandı . Aydın maşından düşüb :
-Rəna xanım , bizim tərəfə baxmaq fikriniz yoxdurmu ? , – dedi .
Rəna başını ona tərəf çevirdi :
-Aydın …Çıxanda gözümə dəymədin . 
-Özüm qəsdən gözlədim , görüm məni tapacaqsanmı…
Rəna gülümsədi .Aydın ön qapını açsa da , Rəna keçib arxa oturacaqda əyləşdi .
Yanındakı iri gül dəstəsi diqqətini cəlb etdi . Aydın keçib sükan arxasına oturdu .
-O çiçəklər sənindir , Rəna . İllərlə sənə çiçək təqdim etməyin həsrətini çəkmişəm . Qismət indiyə imiş…,-dedi.
Rənanın gözləri doldu . Vaxtilə xəyallarında canlandırdığı səhnə ilə düz otuz il sonra qarşılaşmışdı. Astadan :
-Çox sağ ol , Aydın , – deyib çiçəkləri qoxladı .
Aydın bir söz deməyib maşını işə saldı . Güzgüdə qucağındakı çiçəkləri məhəbbətlə əzizləyən Rənaya baxdı .Güllərin əhatəsində o , necə də gözəl görünürdü .Simasında nə qədər məmnun ifadə vardı. 
Rəna Aydının güzgüdə onu seyr etdiyini görüb başını aşağı saldı. 
-Hə , – Aydın dilləndi , – hara getdiyimiz sənə maraqlı deyilmi ?
Rəna çiyinlərini çəkdi :
-Sükan sənin əlindədir , demək ki , ixtiyar sahibisən .
Aydın ucadan güldü :
-İndi ki , etibar edirsən , səni şəhərimizin möhtəşəm bir restoranına aparacam.Bugünkü şam yeməyimiz sənə xüsusi zövq verəcək.
Rəna tərəddüdlə ona baxdı . Sonuncu dəfə nə vaxt restoranda olduğunu belə xatırlamırdı . 
Maşın çox möhtəşəm bir binanın qarşısında dayandı .Aydın arxa qapını açıb əlini Rənaya uzatdı .Rəna titrəyən əlləri ilə onun əlindən tutub maşından düşdü . 
İçəri keçəndə ona elə gəldi ki , sehrli bir aləmə düşüb; hər şey o qədər gözəl , zövqlə bəzədilmişdi ki , heyran olmamaq mümkün deyildi .
Aydın onu öncədən sifariş verdiyi masaya dəvət etdi . Zəif işıqlandırılan bu guşədə həzin , sakit melodiya səslənirdi .
Masaya nəzakətlə yaxınlaşan ofisiant onlara menyunu təqdim edib getdi . Aydın gözucu Rənaya baxıb gülümsədi :
-Rəna xanım nə sifariş vermək istəyir ?
Rəna menyunu vərəqlədikcə heyrətlənirdi ; əksər yeməklərin adları ona heç tanış da deyildi . 
Aydın onu vəziyyətdən çıxardı :
-Gəl bugünkü sifarişləri mənim öhdəmə buraxaq . Ümidvaram ki , mənim zövqümcə olan yeməklər sənin də xoşuna gələcək.
Rəna başı ilə deyilənləri təsdiqləyib rahat nəfəs aldı .
Yeməklər hazırlanana qədər masaya qəhvə gətirildi . Qısa sükutdan sonra Rəna:
-Aydın , – dedi , – indi nə işlə məşğulsan ?
-Mən hüquqşünasam . Böyük bir şirkətin hüquq məsələlərini həll edirəm , – sözünə ara verdi , – Uzun illər rəhbər vəzifələrdə çalışmışam . Polkovnik – leytenant rütbəsinə qədər yüksəlmişəm. Bir müddət müəllimlik fəaliyyəti ilə də məşgul oldum . Amma o , mənim sahəm olmadığından , ordakı fəaliyyətim çox çəkmədi . İşlərim yaxşı gedir , hər şeyə nail olmuşam .Təkcə …
-Hə , hər şey hamının istədiyi kimi olsaydı , nə vardı ki…
-Amma bu an xoşbəxtəm . Özü də …çox xoşbəxtəm !
Sifariş edilən yeməklər masaya düzüldükcə Rəna özündə bir narahatlıq hiss edirdi:
-Bu qədər yemək nəyə lazımdır , Aydın ?
-Qoy olsun . Gör neçə saat burda olacağıq , hamısı yeyiləcək. Hə , soyutmayaq , hər ikimiz işdən gəlirik , acıq, – deyib , – Rənanın boşqabına yemək çəkdi .
Qısa aradan sonra gərginlik tamamilə aradan qalxmışdı. İndi onlar iştahla yemək yeyir , zarafatlaşır , şirin söhbət edirdilər . Məktəb illərində başlarına gələn məzəli əhvalatları xatırlayıb gülürdülər . Sanki zamanın əqrəbi geriyə fırlanıb , onları otuz il əvvələ atmışdı . Hər şey o zamanda olduğu kimi idi…

Ardı var.

Govher Rustamova
www.kafiye.net