ÖTMÜŞ QATAR. davamı ( 9 )

Rəna gülümsəyib , çıxışa tərəf getdi . Aydın qəhvənin pulunu ödəyib, onun ardınca kafedən çıxdı . Axşamın soyuğu düşmüşdü . Xırda – xırda yağış damcılayırdı .
Aydın qarşıdan gələn ilk taksini saxladı . Arxa qapını açıb Rənaya əyləşməyi təklif etdi . Rəna bir söz deməyib arxadakı oturacağa əyləşdi . Aydın özü də keçib onun yanında oturdu . Rəna ünvanı söylədikdən sonra maşın yerindən tərpəndi .
Yanaşı əyləşsələr də , hər ikisi sıxılırdı.Sanki illərlə bu cür yanaşı oturmağın həsrətində olan onlar deyildi . 
Yağış getdikcə güclənirdi . Rəna maşının pəncərəsindən süzülən yağışı seyr edib gülümsədi . Aydın bu təbəssümün mənasını anladı :
-Həə, – dedi , – lap kinodakı kimi “ Bir axşam taksidən düşüb payıza , bilmədik haraya , hayana gedək …”
-O filmə həmişə maraqla baxırdım . Amma heç vaxt özümü o xanımın yerində hiss etmirdim.
-Həyatda təsadüfi heç nə yoxdur , Rəna . Qismətimizdə gecikmiş bir sevda varmış.
-Daha doğrusu , gecikmiş qatar…
-Qatar niyə ?
-Bilirsən Aydın , mən öz həyatıma nəzər salanda nədənsə gözlərimin qarşısına sonu görünməyən, ucsuz – bucaqsız dəmiryol relsləri və ötüb getmiş qatar gəlir. Heç vaxt geri dönməyəcək qatar…
Aydın köks ötürdü :
-Bu sözləri eşitmək çox ağırdır , Rəna . Həyat bizə qarşı çox amansız oldu.
Rəna onun gözlərinə baxdı :
-Həyatmı ? 
Aydın baxışlarını kənara çəkdi . Rənanın demək istədiklərini çox gözəl anlayırdı. Birdən nəyi xatırladısa :
-Rəna , – dedi , anan…
-Anam bacımla yaşayır .Atamın qəfil ölümündən çox sarsılmışdı, özünə yer tapa bilmirdi . Bacım ikinci dəfə ailə qurdu , – gülümsədi , – artıq nəvələri də var . Anam orda olanda başı qarışır , – köks ötürdü , – gözləri demək olar ki, görmür , onu tək qoymaq olmaz. Çox istəyirəm mənimlə qalsın , razılıq vermir , deyir sən iş adamısan , evdə tapılmırsan .
-Qocalıq həqiqətən də çətin məsələdir . İnsan yaşa dolduqca doğmalarına daha çox ehtiyac duyur , oğul – uşaq əhatəsində olmaq , onlardan nəvaziş görmək istəyir . Təəssüf ki , bu , hamıya nəsib olmur …Gənclər heç cür anlamaq istəmirlər ki, həyatda hər şeyi tapmaq mümkündür , təkcə ata – anadan başqa, – üzünə kədər çökdü , – anlayanda da ki, gec olur.
-Gəncləri də anlamaq olar , onların öz aləmi var , – Aydına baxıb gülümsədi , – vaxtilə bizim də mövcud olan aləmimiz kimi…
-Bizim dünyamızı məhv edən səbəblər vardı. Daxilimizdə üsyan etsək də , böyüklərimizə hörmətlə yanaşır , üzlərinə ağ olmurduq . Hisslərimizi qurban verirdik .
-Hə , o zamanın tələbi elə idi . Yaxşı idimi , pis idimi , deyə bilmərəm , amma böyüyə hörmət ön planda idi . İndi zamanə dəyişib , gənclər haqlarını tələb etməyi bacarırlar. Həyatlarına , müqəddəratlarına özləri qərar verirlər .
-Olsun , bəlkə də belə yaxşıdır . Amma …Amma böyük sözünü də eşitmək , illərlə sənə əziyyət çəkən valideynə də qayğı ilə yanaşmaq lazımdır axı…
-O artıq tərbiyə məsələsidir . Uşaq valideynə lazımi diqqət yetirmirsə , günahın böyük hissəsi valideynin payına düşür . Bəzən valideyn uşağı həddən ziyadə ərköyün , eləcə də hər cür maddi təminatla böyütməyindən qürurlanır . Amma unudur ki , onun övladına verəcəyi ən böyük hədiyyə təlim – tərbiyədir .
Aydın gülümsədi :
-Əsl müəllim kimi danışırsan .
-Biz uşaq tərbiyə edirik , vətəndaş yetişdiririk , – gülümsədi , – bəzən valideynlərə də tövsiyyələr veririk.
Rəna evinə çatacaqlarını görüb :
-Aydın , – dedi , mən artıq çatdım . Hər şeyə görə çox sağ ol . Bu gün mənə qeyri – adi hisslər yaşatdın. 
Qapını açıb maşından düşmək istəyirdi ki , Aydın qəfildən onun əlindən tutdu :
-Rəna , – dedi . Səndən bir xahişim var . Mümkünsə , axşamlar işdən çıxanda səni evinə qədər ötürməyə icazə ver . Bəlkə də …Bəlkə də , indi buna hər ikimizin ehtiyacımız var. 
Rəna duruxdu . Nə cavab verəcəyini bilmədi . Əlini cəld Aydının əlindən çəkib :
-Gecən xeyrə qalsın, Aydın, – dedi . Özündən muğayat ol.
Maşından düşüb iti addımlarla evinə tərəf getdi . Pilləkənləri birnəfəsə qalxıb , qapını açdı . İşığı yandırıb , qapını arxasınca bağladı . Kürəyini divara söykəyib bir müddət hərəkətsiz halda gözünü tavana zillədi . İlahi , fikrindən, xəyalından nələr gəlib keçmədi…Bu nə idi ? Həyatın yeni sürprizimi ? Taleyin yeni oyunumu? Bilmirdi …Bircə onu bilirdi ki , həyatında qeyri – adi nələrsə baş verir .
Aydın gözləri ilə Rənanı ötürdükdən sonra , sürücüyə öz ünvanını dedi . Maşın binanın qarşısından dönüb yola çıxdı. 
Qarışıq fikirlər onu çulğalamışdı . Sayrışan işıqların fonunda par – par parıldayan yağış damlalarını seyr etdikcə , fikrində kafedəki söhbəti götür – qoy edir , hadisələrin sonrakı gedişatı barədə düşünürdü . 
Yaşadığı binanın qarşısına çatanda , gediş haqqını ödəyib sürücüyə təşəkkür etdi . Ehmalca maşından düşüb, evinə tərəf addımladı . Tələsmədən qapını açıb evə daxli oldu , işıqları yandırdı. İndi bu ev ona həmişəki kimi soyuq , cansıxıcı görünmürdü . Əksinə , həyatına sanki yeni bir rəng qatılmışdı, evinə sanki yeni nəfəs , yeni təravət gəlmişdi . Özü də özündən baş açmırdı …Daxilində qəribə hisslər baş qaldırmışdı .
Keçib divanda əyləşdi . Rənanın bir sözü onu yaman tutmuşdu :” Həyatıma nəzər salanda , gözlərimin qarşısına ucu – bucağı görünməyən dəmiryol relsləri , bir də…ötüb getmiş qatar gəlir…heç zaman geri dönməyəcək …qatar…”.
Özlüyündə düşündü : “ Niyə geri dönməyəcək qatar ? Əslində məntiq var ; qatar getdiyi yolla geri dönmür…Amma həyatda …nələrisə geri qaytarmaq mümkündür , Rəna . 

Ardı var.
Govher Rustamova
www.kafiye.net