ÖTMÜŞ QATAR .davamı ( 8 )

Aydın elə bil dəhşətli yuxu görürdü. Rənadan eşitdiklərinə inanmaq istəmirdi. Həyəcanla ətrafa göz gəzdirdi :
-Rəna , yaxında kafe var . Bəlkə …Söhbətimizi orda davam etdirək , hə ? 
-Mənası nədir ki?
-Hər halda , illərdir bir – birimizi görmürük . Nə deyirsən , gedəkmi ? Heç olmasa indi sərbəst olaq , bir – birimizi rahat dinləyək . Artıq bizə mane olacaq heç kim və heç nə qalmayıb…
Rəna bir qədər düşünüb :
-Yaxşı , gedək , – dedi . Bəlkə də belə imkan bir də əlimizə düşməyəcək ,- asta – asta yeriyərək , – bütün həyatımızı qadağalar üzərində qurduq .” O nə deyər , bu nə deyər ? O olmaz , bu olmaz , yaxşı deyil , eşidən – bilən olar …görən olar…”
Amma bir dəfə də olsun , düşünmədik “ Kimə lazımdır bu qadağalar ? Kimsə bizim həyatımızın hakimidirmi ? “
Yaxınlıqdakı kafeyə daxil oldular . İsti , rahat bir guşədə qoyulmuş kiçik masaya yaxınlaşdılar . 
Yerlərini tutub qəhvə sifariş verdilər .
Bir müddət hər ikisi susdu , sanki nələrisə eşitməkdən ehtiyatlanırdılar . 
Sükutu Aydın pozdu :
-Bağışla , Rəna . Amma anlaya bilmirəm , ailə həyatı qurmadınmı ?
Rəna qəhvədən bir qurtum içdi :
-Yox , Aydın , qurmadım . Sənə qəribə gəlsə də , deyəcəyəm . Mən…o zaman heç kimi …sənin yerində görə bilmirdim. Heç kimlə bir damın altında həyatımı təsəvvür etmirdim . O həyat yalnız sənə məxsus idi …və …heç kim o həyata daxil ola bilmədi .
Aydının boğazı qurudu :
-Bağışla məni , Rəna …Bağışla …Hər şey istədiyimizin əksinə oldu ,- sözünə ara verdi , – mən o vaxt həm oxuyur , həm də işləyirdim . Bu , məni çox yorurdu . İstirahət nə olduğunu bilmirdim . Günlərin birində …Anamdan məktub aldım . Sən demə , məndən xəbərsiz qardaşının qızına nişan aparıbmış . Şəkilləri də zərfin arasına qoyub göndərmişdi . Məktubu oxuduqca dəhşət məni bürüyürdü . Əlim – ayağım yerdən üzülürdü . Nə edə bilərdim ? Bizə indikilərdən fərqli olaraq , başqa tərbiyə verilmişdi ; böyüyün bir sözünü iki etmək olmazdı, acı – acı gülümsədi , – haqqımda artıq fərman verilmişdi . 
-Hə , sənin nişan xonçaların mənim gözlərimin qarşısında bəzənirdi . Düz pəncərəmizin önündə qəsdən ləngidilirdi …Kinayə ilə eyvanımıza tərəf tuşlanırdı…
Aydın başını aşağı saldı :
-Elə o gündən də , sənə məktub yazmağı dayandırdım . Öz həyatım məhv olmuşdu , səninkini məhv etməyə haqqım çatmırdı. 
-Mən məhv olmadım , yaşadım . Həyata , insanlara baxışımı dəyişib yaşadım. 
-İnstitutu bitirib Bakıya qayıdanda isə siz artıq məhəllədən köçmüşdünüz . Yeni mənzilinizin yerini isə soraqlaşıb öyrənməyə səy göstərmədim. Sənin həyatına təlatüm gətirmək istəmirdim – , yumruqlarını düyünlədi , – anam elə həmin ili qapıda toy çaldırıb , dayımın qızını gəlin gətirdi .
Dayım yüksək vəzifədə işləyirdi . Mənim hüquqşünas diplomum köməyimə gəlmişdi , dayım məni yaxşı vəzifəyə təyin etdirmişdi . Qazancım da çox yüksək idi . Ailədə hər şey qaydasında idi . Bir qızım oldu . Anam yerə – göyə sığmırdı . Uşağa anasının adını verdiyindən , onu çox əzizləyirdi . Maddi durumumuz get – gedə lap düzəlirdi . Amma …ailədə nüfuzum yox idi . Anam bütün işlərə şəxsən özü rəhbərlik edir , səsimi çıxarmağa qoymurdu . Yoldaşıma belə söz deməyə haqqım çatmırdı . Anam “ Dayından ayıbdır , – deyirdi , boynumuzda dağ boyda haqqı var . Səni o adam eləyib !”…Bilsən , bunları eşitmək necə ağır idi …İllər keçdi , oğlum dünyaya gəldi . Ailədəki münasibətlər isə öz axarı ilə davam edirdi . Yoldaşımı heç nə qane etmirdi . Ən gözəl mənzillərin birində yaşasa da , ən bahalı geyimlər geyinsə də , hər il ən nüfuzlu kurortlarda , sanatoriyalarda dincəlsə də , narazı idi . Anam qocalıb əldən düşdüyündən , evdəki idarəçiliyi öz əlinə almışdı. Mənimsə…mənimsə danışmaq haqqım yox idi, – gülümsədi , – anam demişkən “ ortada dayım vardı “.
İllər keçir , uşaqlar böyüyürdü . Anam artıq yatağa düşmüşdü . Mən ailəni hər cür təmin edirdim , amma yoldaşım anama baxmaq istəmirdi . Vaxtında çayını, çörəyini belə vermirdi . Yazıq baxımsız qalırdı . Məcbur olub , baxıcı tutmaq qərarına gəldim. Yoldaşım ona da razı olmadı , “ evdə kənar adamın olmağını istəmirəm!” dedi , – dərindən ah çəkdi ,- anam dünyasını dəyişməzdən bir neçə gün əvvəl məni yanına çağırdı . Əllərimi ovcuna aldı , – Oğul , – dedi , – səni çox böyük əziyyətlə böyütdüm , amma …xoşbəxt edə bilmədim. Mən artıq gedəriyəm , amma səndən halallıq istəyirəm. Bacarırsansa …məni bağışla…
Aydının yanaqları pörtdü , gözləri doldu, – mən onun solğun yanaqlarından öpdüm. Nə qədər ürək – dirək verməyə çalışsam da , məni dinləmirdi , elə hey özünü günahlandırırdı.
Anamdan sonra ailədə vəziyyət lap gərginləşdi . Yoldaşım ipə- sapa yatmır , hər gün evə söz – söhbət salırdı. Axırı iş o yerə çatdı ki , ayrılmağa qərar verdik. Qızımı da götürüb rayondakı evimə getdi . Oğlum isə mənimlə qaldı , – əsəbi halda siqaret çıxardı , amma yandırmadı , – Uşağı birtəhər böyütdüm də , oxutdum da , evləndirdim də . Yoldaşımdan rəsmən ayrılsam da , nə onu , nə də qızımı diqqətdən kənarda qoymuram. Amma …mən onların heç yadına da düşmürəm. Elə bil heç yoxam, – sözünə ara verdi , – oğlumu evləndirəndə elə bilirdim ocağımız yenidən isinəcək …Amma …bu gümanımda da yanıldım. Cavanların öz dünyası var . Mən onlara qısıldıqca , onlar məndən gen durmağa , öz həyatlarını yaşamağa cəhd edirdilər . Sonda ayrıca ev alıb qonşuluğumdakı binaya köçdülər . Məni bu yaşımda yalnız buraxdılar . Həyat çox qəribədir ; sən ona baş əyib təzim etdikcə , səni daha çox incidir , üzərində hökmranlıq edir . Mən sevgisiz evlənsəm də , evimə , ailəmə qarşı çox diqqətli olmuşam. Ailəm heç nədən korluq çəkməyib .Amma…
-Sən onlara sevgi verə bilməmisən. Maddi təminat işin bir tərəfidir , digər tərəfində isə mənəviyyat məsələləri durur . Bax , bu sahədə möhkəm büdrəmisən .
Aydın bir söz demədi , Rəna haqlı idi . Ailəsində hər şey vardı , sevgidən , qarşılıqlı hörmətdən savayı…
-Yaxşı bəs , övlada nə deyəsən ? Bu yaşda ataya necə biganə olmaq olar ? O ataya ki , bütün həyatını onlara həsr edib ? Belə çıxır ki , insan qocalanda heç doğma övladına da lazım olmur ? Axı…Axı biz belə olmamışıq!
Rəna başını qaldırmadan , astadan :
-Sən yoldaşını sevməmisən , o da övladlarında sənə qarşı sevgi , mərhəmət hissi tərbiyə etməyib.
-Bəlkə də elədir , – Aydın ah çəkdi , – nə yazıq ki , insan çox həqiqətləri gec anlayır , heç nəyi dəyişmək mümkün olmadığı bir zamanda ,- Rənaya baxdı , – İndi tək – tənha yaşayırsanmı ?
Rəna cavab verməyə tələsmədi . Müəyyən fasilədən sonra :
-Tənha niyə ? Mən özümü tənha hiss etmirəm . İyirmi beş ildən artıqdır uşaq bağçasına rəhbərlik edirəm. Bütün meylimi , məhəbbətimi ordakı körpələrə salmışam . Onların hər birini öz balam bilirəm. 
-Amma …Amma şəxsi həyatın…
-Şəxsi həyatım…, – saatına baxdı , – gecdir , həm də yorğunam , icazənlə mən gedim , – ayağa qalxdı .
-Gözlə , Rəna . Səni evinə qədər ötürəcəm , – zəndlə ona baxdı , – əlbəttə ki , icazə versən. Amma …avtobusla yox , – gülümsədi …

Ardı var .

 Govher Rustamova
www.kafiye.net