ÖTMÜŞ QATAR .  davamı (7)

Ali məktəblərdə dərslər artıq başlamışdı.
Tələbəlik həyatı həqiqətən də Rənaya çox maraqlı görünürdü . Sanki həyatında hər şey yenilənmişdi . Təkcə…birindən savayı…
Dərsdən sonra rəfiqələri ilə gününü nə qədər maraqlı keçirsə də , məhəlləyə gələndə gözü Gülyazgilin eyvanında qalırdı. Aydından məktub gözləyirdi .
Gülyaz isə məktub olanda sevincək ona tərəf qaçar , olmayanda isə günahkar adamlar kimi sakitcə başını bulayardı. 
Beləcə günlər , həftələr, aylar bir – birini əvəz edirdi . 
Aydın da tələbəlik həyatından məmnun idi . İmkan tapdıqca Rənaya məktub yazır , şəkillər göndərirdi . 
Qış sessiyası başa çatmaq üzrə idi . Rəna imtahan və zaçotlarını başa vurub qış tətilinə buraxılacaqdı. Özlüyündə “ Yəqin ki , Aydın da tətilə buraxılacaq . Bakıya gəlməmiş olmaz “ deyə düşünürdü . Fikrində günlərin birində Aydının məhəlləyə gəlişini , gizlin – gizlin bir – birinə baxıb gülümsəmələrini canlandırır, şirin xəyallarla yaşayırdı. 
Bazar günü səhər tezdən qapılarının zəngi çalındı. 
Anası qapını açıb , Rənanın otağına tərəf :
-Rəna , oyaqsanmı ?, – qışqırdı, – Gülyazdır , səni görmək istəyir.
Gülyazın adını eşitcək , Rəna cəld yatağından qalxıb əynini geyindi :
-Hə , oyağam ana , de ki gəlsin. 
Az sonra Gülyaz xoş əhval – ruhiyyədə onun otağının qapısında göründü . Qızlar qucaqlaşdılar . Gülyaz cibində gizlətdiyi məktubu çıxarıb Rənaya uzatdı:
-Al Rəna , – səsini yavaşıtdı , – Aydındandır, – biz bir saatdan sonra rayona yola düşəcəyik . Qış tətilimi orda keçirəcəm. Səni intizarda qoymamaq üçün səhər tezdən də olsa , məktubu çatdırmaq istədim. Poçtalyon axşam gətirmişdi . 
-Çox sağ ol , Gülyaz! Sən mənim ən etibarlı , sədaqətli rəfiqəmsən.
-Dəyməz əzizim , təki hər şey sənin ürəyincə olsun , – saata baxdı , – yaxşı , mən gedim , anam yola hazırlıq görür , ona kömək etməliyəm , – Rənanın üzündən öpdü, – salamat qal , sağılıq olsun , dərslər başlayana yaxın qayıdacam , görüşərik.
Qızlar mehribanlıqla görüşüb ayrıldılar . Rəna rəfiqəsini qapıya qədər ötürüb geri, otağına qayıtdı . Gizlətdiyi zərfi yastığının altından çıxarıb , tələsik açdı . Acgözlüklə oxumağa başladı :
“ Salam , Rəna .Necəsən ?
Mən yaxşıyam . Dərslərim yaxşı gedir, bütün imtahanlarımı uğurla verdim . Yəqin ki , sən də qış tətilnə hazırlaşırsan . Səninçün çox darıxıram , Rəna .
Amma …Tətildə Bakıya qayıtmağım mümkün olmayacaq . Burda oxumaq çox böyük xərc tələb edir . Hər şeyi anama deyə bilmirəm , tək qadındır . Özün bilirsən , məni təkbaşına böyüdüb . Atam öləndən sonra hər cür əziyyətə qatlaşıb, gecəsini gündüzünə qatıb məni saxlayıb. İndi də , əlinə düşəni mənə göndərir . Amma bütün bunlar məni çox sıxır , Rəna . Anama yük olmaq istəmirəm. Burda oxumaqla yanaşı , həm də işləməyi qərara almışam. Heç olmasa, kirayə haqqını ödəyə bilərəm. Sən…Sən darıxma , Rəna . Biz mütləq görüşəcəyik . Hər şey yaxşı olacaq . Bax , sənə yenə şəkil göndərirəm. Dostum çəkib. 
Salamat qal , Rəna . Özünü qoru “
Rənanın gözləri doldu . Demək , Aydın tətillərdə də Bakıya gələ bilməyəcək …
Dodağını dişlədi . Aydının gülümsəyən şəklinə acıqla baxdı :” Ehh, Aydın , Aydın…Demək ki , darıxmamısan. Darıxsaydın, dünyanın o başından da olsa , qaça – qaça gələrdin…Nə deyim …Deyəsən , bacım haqlıdır axı…Siz kişilərdə etibar yoxdur , qadınlara yalnız ağrı – acı yaşatmağı bacarırsız…”
Mətbəxdə çay süfrəsi hazırlamaqla məşgul olan anası , Gülyazın səhər tezdən qəfil gəlişinin mahiyyətini anlamasa da, məsələni açıb – ağartmadı. Amma bu gəlişin qızına mənfi təsiri də gözündən yayınmadı.
Rəna hər ötən günün onların arasına amansızlıqla nifaq saldığını açıq – aşkar hiss edir , getdikcə Aydına qovuşmaq ümidini tamamilə itirirdi .
İndi isə…İndi isə … düz 30 ildən sonra …Onlar qoşa , yanaşı addımlayırdılar…
Rəna havanın qaraldığını görüb , saatına baxdı :
-Mən getməliyəm , Aydın .
-Anlayıram , səni evdə gözləyirlər…
Rəna acı – acı gülümsədi :
-Məni heç kim gözləmir…
-Necə ? , – çaşqınlıqla , – bəs ailən , uşaqların ?
-Mənim nə ailəm var , nə də uşaqlarım, – köks ötürdü , – gecikdim , Aydın …Səni gözləyə – gözləyə hər şeyə gecikdim …

Ardı var.

Govher Rustamova
www.kafiye.net