Atalar deyib

Könül bir şüşədir, sınsa bitişməz,
Vədəsi çatmasa, meyvə yetişməz,
Bu evin işığı, o evə düşməz,
Başqasın qınayıb, axtarma eyib,
Bunu mən demirəm, atalar deyib.

Ağıl paylananda, hər kəsə düşmür,
Nə qonşudan gəlir, nə evdə bişmir,
Lampa işıq saçır, dibinə düşmür,
Sözü bişir çııxar, yaxşı çeynəyib,
Bunu mən demirəm, atalar deyib.

Ağıllı, çörəyin çıxarır daşdan,
Vaxtında yat gecə, – ayıl obaşdan,
Bil ki, irəlidir qarın, — qardaşdan,
El üçün ağlayan, xeyir görməyib,
Bunu mən demirəm, atalar deyib.

Söz yarası qövr eləyər, sağalmaz,
Halal yolla qurulanlar dağılmaz,
Düz kiçilər, nazikləşər, qırılmaz,
Nə qədər ki, Haqqa iman ölməyib,
Bunu mən demirəm, atalar deyib.

Namərd ilə oturma bir süfrəyə,
Xəyanət edəcək, duza, çörəyə,
Çəkər başın, nə damarsa ürəyə,
Səbəbini kimsə aça bilməyib,
Bunu mən demirəm, atalar deyib.

Oğru qiyyə çəkib, bir haray salıb,
Doğrunu xof basıb, bağrı yarılıb,
Talayıb yığdığı, dünyada qalıb,
Nə gözü doyubdu, nə özü yeyib,
Bunu mən demirəm, atalar deyib.

Biçilib, sovrulub darı, zəmidə,
Çatıb sona “bildirçin bəyliyi” də,
Dava edən gəmiçiylə, — gəmidə,
Həyatı məhv olub, bəxti gülməyib,
Bunu mən demirəm, atalar deyib..

Çingiz Kürdəmirli.
www.kafiye.net