SINAQ5

Qoca sanki bu gecə nə isə qeyri – adi bir söhbət eşidəcəyini hiss edirdi . Maraqla Zakirin düz gözlərinə baxırdı .
Zakir hər iksinə çay süzüb , əvvəlki yerinə əyləşdi . 
-Mən sizdən tənhalığlnızın , atılmağınızın səbəbini soruşmayacam …Çünki …Vaxtilə özüm də atılmışam …Lap çoxdan …Hələ qundaqda ikən…Bu , mənimçün ağrılı mövzudur …
Qocanın qaşları çatıldı .Baxışları bir qədər sərtləşdi .
-Sizi həyəcanlandırmaq istəmirəm , – Zakir sözünə davam etdi , – sadəcə bəzi reallıqlar var ki , onlarla barışmağa məcburuq , – çaydan bir qurtum içdi , – Mən əsl həqiqəti məktəbə gedəndən sonra bildim , – kaş …heç bilməyəydim… 
Birinci sinifdə oxuyurdum . Hamını məktəbə ata – anası aparıb gətirirdi . Mənsə …tək , özüm gedib – gəlirdim . Hamının əyin – başı təzə idi , mən isə qonşu uşaqlarının köhnə paltarlarını , ayaqqabılarını geyinirdim . Hamının ad günləri təmtəraqlı şəkildə qeyd olunurdu , mənimsə …ad günüm yox idi …Nə üzümdən öpən , nə də hədiyyə verənim vardı …Həmişə bir tərəfə çəkilib , ətrafımdakı uşaqların xoşbəxt həyatını seyr edirdim . 
İlk günlər yaxşı oxusam da , getdikcə zəifləməyə başlamışdım . Dərslərə hazırlıqsız gedir , ev tapşırıqlarını yerinə yetirmirdim . Sinifdə demək olar ki , ən pis oxuyan şagird idim . Qış aylarında isə yatıb qalır , dərslərə gecikirdim . Müəlliməm hər gün məni tənbeh edir , danlayırdı . Gülər müəlliməm…
Bir gün yenə dərsə gecikmişdim . Qapını astaca açıb günahkar görkəmlə sinfə daxil oldum . Lövhənin qarşısında dərs izah edən müəllimə acıqla üzümə baxdı :
-Zakir , – dedi , – sabah məktəbə valideyninlə gəl ! Keç əyləş !
Səhəri gün dərsin bitməsinə bir neçə dəqiqə qalmış sinfin qapısı astadan döyüldü . Müəlliməm “ Buyurun , gəlin “ deyən kimi nənəm qapıda göründü . Mənə elə bil dünyanı verdilər , fəxrlə uşaqlara baxıb “ Baxın , mən kimsəsiz deyiləm , mənim də sahibim var ! “ demək istəyirdim . 
Gülər müəllimə nənəmi hörmətlə qarşıladı , əyləşməyə yer göstərdi . Uşaqları sıraya düzüb evə yola saldıqdan sonra yenidən sinfə qayıdıb yerinə əyləşdi . Mən isə dəhlizdə gəzişsəm də ürəyim nənəmlə müəlliməmin yanında idi . Bilirdim ki , nənəm mənim haqqımda yaxşı bir şey eşitməyəcək , üzü danlanacaq . Ona yazığım gəlirdi …
Yavaşca otağa yaxınlaşıb , qulaq verdim . Qapı açıq olduğundan , danışılanlar aydın eşidilirdi . Müəlliməm nənəmə:
-O qədər nurlu simanız var ki , xətrinizə dəyəsi söz deməkdən çəkinirəm , – dedi . Amma …Zakirin get – gedə dərslərindən zəifləməsi , hər gün məktəbə gecikməsi məni çox narahat edir , – sözünə ara verdi , – mən bunu ailə ilə məktəb arasındakı əlaqənin zəif olmasında görürəm . Adətən , azyaşlı uşaqların valideynləri məktəblə daha sıx ünsiyyətdə olurlar , amma dərs ilinin yarıdan çox ötməsinə baxmayaraq , Zakirin valideynləri bircə dəfə də olsun , uşaqları ilə maraqlanmayıblar . Bu da təbii ki , məsuliyyətsizliyə , intizamsızlığa gətirib çıxarır . Üzərində heç bir nəzarət hiss etməyən uşaq nə dərs oxuyacaq , nə ev tapşırığını yerinə yetirəcək , nə də vaxtında dərsə gələcək…
Yavaşca əyilib nənəmə tərəf baxdım …Yazıq müttəhimlər kürsüsündə oturmuş kimi başını aşağı salıb , sakitcə müəlliməmi dinləyirdi . Bu arada mən daxili bir sarsıntı keçirtdim ; xəstə , qoca nənəm mənə görə danlanmalı idimi?…
Müəlliməm sözünü bitirən kimi , nənəm gözlərini yerdən qaldırıb :
-Müəlimə , – dedi , – dediklərinizin hamısı ilə razılaşıram , amma …bizim ailədə vəziyyət … bir az başqa cürdür …, – dərindən ah çəkdi.Nə deyim …Zakirin anası mənim qızımdır . Universitet bitirmiş , gözəl – göyçək qız idi . Öz tələbə yoldaşı dəfələrlə elçi göndərsə də , təhsilini bitirməyənə qədər ailə qurmağa qərar vermirdi . Unuversiteti bitirən il arzu – kamla toy edib gəlin köçürtdük.İlk vaxtlar hər şey yaxşı idi . Bir oğulları oldu , indi üçüncü sinifdə oxuyur , – səsi titrədi , – hər şey … Zakir dünyaya gələndən sonra başladı …
Qızımın səhhətində ciddi problemlər yaranmışdı .Özünü çox pis hiss edirdi , gün – gündən rəngi avazıyır , çöhrəsi solurdu . Amma bu , yoldaşını zərrə qədər də olsa , narahat etmirdi . Yaxşı qazansa da , onu həkimə göstərməyi heç ağlına da gətirmirdi . Evin iş – gücü , iki körpənin qayğısı qızımı gün – gündən haldan salırdı . Yoldaşının xasiyyəti o qədər ağır idi ki , heç kim ona söz deməyə cürət etmirdi . Atası da , mən də çıxılmaz vəziyyətdə idik ; balamız göz görə – görə məhv olurdu …Axırı , yoldaşına yalvarıb dil tökdüm , birtəhər razı saldım …Qızımı tanış bir həkimin yanına apardım …, – dodaqları əsdi , – qulaqlarım kar olaydı , eşitməyəydim …sən demə …
Müəlliməm yerindən qalxıb nənəmə yaxınlaşdı . Əlini onun çiyninə qoyub , “ Sakit olun , həyəcanlanmayın “ dedi . Nənəmin göz yaşları yanaqlarına süzüldü :
-Həkim məni çox danladı ,- içini çəkdi , – “ gecikdirmisiz “ dedi …

Ardı var

Govher Rustamova
www.kafiye.net