SINAQ3

Qoca arxası üstə uzanıb gözlərini tavana dikmişdi . İndi onun öz düşüncələri ilə başbaşa qalmağa kifayət qədər vaxtı vardı. Yaşadığı həyatı dərindən götür- qoy etməyə zamanı yetərincə idi . Amma mənası vardımı ? Nələrisə dəyişə biləcəkdimi ?Əfsuslar ki , yox…Yaşananlar yaşanmışdı…
Qapının açıldığını hiss edib bir qədər dikəldi . Gələn Arzu həkim idi . Qoca onu görcək bir az da qalxmaq istədi , Arzu imkan vermədi :
-Uzanın , uzanın . Narahat olmayın . Sizə baş çəkmək istədim. Zakir həkimə söz vermişdim . Bir narahatçılığınız yoxdur ki ?
Qocanın gözləri güldü :
-Yox , həkim . Heç bir narahatçılığım yoxdur . Allah sizdən də, Zakir həkimdən də razı olsun. Məni ölümün pəncəsindən qurtardınız . Haqqınızı halal edin . 
Arzu gülümsədi :
-Biz həkimik , xəstələrə şəfa vermək isə borcumuzdur . İnsanlara kömək etmək , dərdlərinə çarə qılmaq özü də insana şərəf gətirən bir işdir.
-Doğrudur , həkim . Kaş ki , insan bunu vaxtında dərk edə …Bağışlanmaz səhvlərə yol verməyə …, – dərindən köks ötürdü .
Arzu söhbəti başqa məcraya yönəltdi :
-Zakir həkim sizə görə çox narahat olur . Xəstəxana sizi burda çox saxlaya bilməyəcək . Müalicəniz bitən kimi evə yazılacaqsız .
Qocanın üzünə kədər gəldi :
-Evə …Hansı evə ? Olmayan evəmi ? 
-Bilirsiz , siz ağır əməliyyatdan sonra rahat şəraitdə yaşamalısız. Amma vəziyyətiniz …az- çox bizə məlumdur . Elə Zakir həkimi də narahat edən budur . Biz belə qərara gəldik ki, müalicəniz tam başa çatdıqdan sonra lazımi sənədləri hazırlayıb , sizi ” Qocalar evi ” nə yerləşdirək . Həm isti , rahat yeriniz olar, həm də özünüzü tənha hiss etməzsiniz. 
Arzunun dedikləri qocanı sevindirsə də , bir qədər düşündürdü :
-Təki elə olaydı , həkim . Ancaq mənə elə gəlir ki , ora yerləşmək də o qədər asan iş deyil .
-Biz əlimizdən gələni edərik . Bu vəziyyətdə insan hər halda çöldə yaşayası deyil…
-Nə deyim , Allah köməyiniz olsun .Etdiyiniz yaxşılıqların birə- min əvəzini versin. 
Arzu onun qırışmış əllərini sıxdı . Mehribanlıqla gülümsədi :
-Tez sağalın . Heç nəyin də fikrini çəkməyin . Hər şey yaxşı olacaq . Nəyə ehtiyacınız olsa , çəkinmədən deyin . Gücümüz çatdığı qədər kömək etməyə çalışarıq .Sabah səhər palataya keçiriləcəksiz . Müalicənizi orda davam etdirəcəyik . 
Qoca nə düşündüsə :
-Həkim , – dedi , – Axı müalicə üçün mənim heç nəyim yoxdur…
-Narahat olmayın , Zakir həkim bütün məsələləri özü həll edir …Sizə isə , sağalmaq qalır . Özünüzdən muğayat olun , sabaha qədər .
Qocanın dodaqları əsdi :
-Sağ olun , hamınız sağ olun , – gözlərində yaş gilələndi , – mən bunların heç birinə layiq deyiləm…, – başını aşağı saldı , – layiq deyiləm…Məni Allah qəsdən ölməyə qoymur , mənə layiq olduğum yeri göstərir …Mənim yaşamağa haqqım yoxdur . Vicdan əzabı çəkməkdən bezmişəm . Özümü qınamaqdan cana doymuşam . Gücüm , taqətim qalmayıb . Heç kimə lazım deyiləm , – başını əlləri arasına alıb hönkürdü ,
Arzu eşitdiklərindən elə sarsılmışdı ki , nə deyəcəyini bilmirdi. Həyəcandan rəngi ağarmışdı .
-Sakit olun , – deyib , əlini qocanın çiyninə qoydu , – sizə həyəcanlanmaq olmaz . İndi tibb bacısına deyərəm , sizə sakitləşdirici dərman verər .
-Ehh…, – qoca başını qaldırıb Arzunun gözlərinə baxdı , – vicdan əzabının dərmanı yoxdur , həkim ! Bu yük qəbr evinə qədər mənimlə gedəcək…, – gözlərini sildi , – gedin , həkim . Mənə fikir verməyin …Gedin , dərman içib yuxulayacam …

Ardı var

Govher Rustamova
www.kafiye.net