SINAQ2

Nədənsə məktəbə getdiyi ilk günü xatırladı . Analarının əlindən tutub gül dəstələri ilə məktəbə yollanan həmyaşıdları yadına düşdü . Amma onun nə gül dəstəsi vardı , nə təzə əyin – başı , nə də…
Qaşları çatıldı . Uşaqlıq illərinin acı xatirələrini yenidən vərəqləmək istəməsə də , bəzi məqamlar fikrində kino lenti kimi fırlanmağa başladı .
Səhər xəstəxanaya həmişəkindən xeyli tez gələn Zakir birbaşa reanimasiya otağına keçdi. Növbətçi həkimdən xəstə ilə bağlı məlumatları alıb lazımi göstərişlər verdi . Qoca hələ bir neçə gün də reanimasiya otağında , ciddi həkim nəzarəti altında qalmalı idi. Zakiri narahat edənsə , başqa məsələ idi – xəstənin sonrakı taleyi . 
Ağır ürək əməliyyatı keçirmiş qoca hara gedəcəkdi ? Onun qayğısını kim çəkəcəkdi ? Qeydinə kim qalacaqdı ?…Və…Niyə bütün bunlar Zakiri bu qədər narahat edirdi ? Niyə qocanın halına bu qədər acıyırdı ? Tanımadığı kimsəsiz , evsiz – eşiksiz birinə niyə bu qədər ürək qızdırırdı ? Bəlkə… Bəlkə səbəb öz kimsəsizliyi idi ?
-Zakir , – Arzunun səsi onu xəyallardan ayırdı .
-Hə , salam Arzu . Bağışla bir az fikirli idim.
-Sənə nə olub , nəyin fikrini çəkirsən ?
-Bilirsən , mən insan taleyinə biganə qala bilmirəm …Bəlkə də bu , mənim zəif cəhətimdir . Amma xasiyyətimi dəyişmək mümkün deyil…
-Anlayıram…Deyəsən , o qocanın fikri səni rahat buraxmır . Amma sən neyləyə bilərsən ? Xəstəxanaya gələn hər xəstənin taleyinə bu qədər həssaslıqla yanaşsan , nə olar ? Hərə öz qismətinə düşən , taleyinə yazılan həyatı yaşayır . 
-Hə , düz deyirsən , amma …amma qocaya yazığım gəlir . Bu hissi özümdən qova bilmirəm. Sanki mənimlə onun arasında bir bağlılıq var …nədir , özüm də anlamıram . Həyat məndə kimsəsizlərə qarşı güclü mərhəmət hissi formalaşdırıb. 
-Nə deyim , qoy bir az yaxşılaşsın , birlikdə söhbət edib hansısa qərara gələrik . İndi isə , fikrini topla , xəstələrin səni gözləyir. 
Zakir ona qıyğacı baxıb gülümsədi :
-Doğrudur , doktor Səlimova . Zaman hər şeyi özü yoluna qoyacaq . Xəstənin tam sağalmasını gözləyək.
-Elədir . Mən də imkan tapanda ona baş çəkəcəm , arxayın ol .
Qocanın vəziyyəti getdikcə yaxşıya doğru dəyişirdi . Bir neçə gündən sonra onun palataya köçürülməsi qərara alınmışdı. Sağ qaldığına hələ də təəccüblənən qoca öz xilaskarının gəlişini səbrsizliklə gözləyirdi . Ona necə təşəkkür edəcəyini bilmirdi. Həyatdan da , insanlardan da çoxdan əlini üzmüş bu adamın gözündə indi hər şey başqalaşmışdı. 
Qapı açılan kimi yerindən dikəldi . Ucaboy , enlikürək həkimi görcək gözləri güldü . Zakir onu bu əhvalda görəndə çox sevindi :
-Hə , xoş gördük ! Özünüzü necə hiss edirsiz ?
Qoca minnətdarlıqla başını tərpətdi :
-Allah sizdən razı olsun , həkim ! Məni ölümdən qurtardınız . Sizə necə təşəkkür edəcəyimi bilmirəm . Dünya yaxşı adamlardan xali deyilmiş …
-Heç bir təşəkkür lazım deyil , bu , mənim vəzifə borcumdur . Mənim yerimə kim olsaydı , belə edəcəkdi .
Qoca ah çəkdi :
-Yox , həkim , hamıda mərhəmət hissi yoxdur …Mənsə…Mən çoxdan hamı tərəfindən atılmış , unudulmuş biriyəm ., – üzünə kədər çökdü , – bəlkə də heç yaşamağa haqqım yoxdur …
Zakir :
-Yaşamaq hamının haqqıdır , – dedi . Yaxşı , dincəlin , sizi narahat edən nəsə olsa , tibb bacılarını çağırın . Günortadan sonra yenə sizə baş çəkəcəm .
Qocanın gözləri yaşardı . Güclə eşidiləcək səslə :
-Sağ olun həkim , – dedi . 
Zakir otaqdan çıxanda özündə bir yüngüllük hiss etdi . Hətta onu da hiss etdi ki , nədənsə bu qoca ilə söhbət ona qeyri – adi hisslər yaşadır …

Ardı var

Govher Rustamova
www.kafiye.net