SINAQ 1

Hekayə.( 1 )

Zakir ağır cərrahiyyə əməliyyatından sonra xəstəni reanimasiyadakı növbətçi həkimə təhvil versə də , evə getməyə tələsmirdi . Xəstənin vəziyyəti çox ağır idi , həyatla ölüm arasında çarpışırdı .
Qocanı xəstəxanaya ölümcül vəziyyətdə gətirmişdilər. Yaşayacağına demək olar ki , ümid yox idi .Təcili əməliyyat olunmasına göstəriş verilsə də , həkimlər tərəddüd edirdilər . Lakin zaman gözləmirdi , hər dəqiqənin öz hökmü vardı . Tələsmək lazım idi. 
Zakir xəstənin çarpayısına yaxınlaşıb , baş barmağını ehmallıca onun biləyinə qoydu . Nəbzini tutdu .Ürəyin zəif döyüntüsü ona qəfəsdə çapalayaraq imdad diləyən quşu xatırladırdı . Qocanın solğun çöhrəsi , arıq , çəlimsiz sifətindəki dərin qırışlar elə ilk baxışdan onun ağır həyat tərzindən xəbər verirdi . Sinəsi ağır – ağır qalxıb enir , nəfəsi təngiyirdi . 
Zakir palatadan çıxıb baş həkimin otağına yollandı . Qərarında qəti idi ; qocanı nəyin bahasına olursa – olsun , xilas etməlidir .
Çox keçmədi ki , tibbi heyət cərrahiyyə otağına yığıldı və Zakir əməliyyata başladı . Dörd saat davam edən əməliyyat həkimlərə də, tibb bacılarına da kifayət qədər gərginlik yaşatsa da , uğurla başa çatdı .Xəstənin yaşaması üçün bütün mümkün tədbirlər görülmüşdü , ümid Allaha idi .
Zakir əl – üzünə sərin su çəkib , bir qədər rahatladı . Otağındakı divana əyləşib gözlərini yumdu. Sanki yorğunluğunu indicə dərk etdi . Nədənsə qocanın siması xəyalından getmirdi . Onun halına çox acıyırdı . Kimsəsizliyinə görəmi ? Özü də bilmirdi …Amma acıyırdı .
Qapının səsinə gözlərini açdı , Arzu idi :
-Zakir , – sakit səslə dilləndi , – bəlkə evə gedəsən ? 
Zakir azca dikəldi :
-Narahat olma , elə burda da dincəlirəm . 
-Məncə evə getsən yaxşıdır , çox yorğunsan . Xəstəyə görə narahat olma , hamımız burdayıq . 
Zakir fikirli – fikirli Arzuya baxdı :
-Bilirsən , həyat doğrudan da çox qəribədir , – dedi . Bəzən ən yaxın , doğma bildiyin biri sənə yaddan da yad olur . Bəzən də tanımadığın , yad biri sənə doğma gəlir …Nə bilim…Yaxşı , mən gedim , amma tez- tez zəng vurub xəstədən xəbər tutacam ,- ayağa qalxdı , – gülümsədi , – elə səndən də xəbər tutacam .
Arzu gülümsəyib başını aşağı saldı :
-Narahat olma . İşdən çıxanda atam məni qarşılayacaq , sən dincəl. 
Zakir onun əlini ovcuna aldı :
-Yaxşı , hələlik əzizim . Bu günlük zəhmət atana düşəcək …Sabaha qədər . 
-Hələlik . Çalış , dincələsən .
Zakir pillələri enib xəstəxanadan çıxdı . Hava artıq qaralırdı . Axşamın soyuğundan azacıq üşüdüyündən , maşının qapısını açıb , tələsik sükan arxasına əyləşdi . Aramla evinə tərəf yol aldı . 
Şəhərin əsrarəngiz gözəlliyi , rahat , hamar yolları , sayrışan işıqları sanki ruhuna bir dinclik gətirirdi . 
Çox çəkmədi ki , mənzilinə çatdı . Qapını açıb , işığı yandırdı . Evdəki səssizlikdən bir qədər darıxdı. Özlüyündə “ həə , subaylıq heç də sultanlıq deyilmiş “ düşündü . “ Arzugilə elçi göndərməyin vaxtı çatıb deyəsən.” . Öz fikirlərinə özü də duruxdu : “Elçi…Kim ? ….
Kimlər olacaqdı o “ elçi “? Yadlarmı ? …
Xəyalları onu çox uzağa apardı …

Ardı var .
Govher Rustamova
www.kafiye.net