QADIN SİRLİ DÜNYADIR…
33-cü bölüm.

Nigarı yola salandan sonra qızlar xeyli söhbətləşdilər , bir çox məsələləri götür – qoy etdilər.Süsən axşam Elşəni məsələdən agah etməyi öz üzərinə götürdü.
Muradgilin ailəsi kənddə nüfuzlu , sayılıb – seçilən ailələrdən idi.Atası Həmid kişi vaxtilə rəhbər vəzifədə işləmişdi ,anası Məryəm müəllimə idi. İndi artıq yaşlanmışdılar , hər ikisi təqaüdə çıxmışdı.Ən böyük arzuları Muradı evləndirmək idi .
Qızlar söhbətlərini bitirəndə Süsən nəyisə xatırlayırmış kimi :
– Yaxşı yadıma düşdü , gəl bir jaketi geyin baxım , düzəlişə ehtiyac yoxdur ki ? , – dedi.Bax gör , əynində necə oturur ?
-Hansı jaketi ? 
-Səninçün toxuduğumu .
Gülnar həqiqətən də Süsənin gecələr nəsə toxuduğunu xatırladı :
– Hə, doğrudan ha… Sən axı nəsə toxuyurdun…
– İndi gəl, o ” nəsə” yə bax , – deyib Süsən yan otağa keçdi . Çox keçmədi ki , əlində qara yun jaket qayıtdı . 
Gülnarın təəccübdən gözləri böyüdü .Jaket çox səliqə ilə toxunmuşdu , ön tərəfinə mavi rəngdə sapdan gözəl naxışlar salınmışdı.
– Bunu sən toxumusan ? Elə bil indi alınıb , nə gözəldir !? Mavi sapı hardan tapdın ? 
– Axtaran , tapar . Yadındadır , mavi rəngdə şərfim vardı . Onu da özüm toxumuşdum . Amma bəyənmirdim , çoxdan idi ki ,sökmək fikrim vardı. İndi elə yerinə düşdü… Qara ilə mavi rəng yaxşı tutur…
Gülnar jaketi həvəslə geyindi .Güzgünün qabağında o tərəf – bu tərəfə firlanıb dönə – dönə baxdı. Heyrətini gizlətmədi :
– Ay qız , sən əməlli- başlı toxuyursanmış ki…Çox gözəl alınıb,adam baxmaqdan doymur . Afərin sənə.
– Sənincün hər şey etməyə hazıram, Gülnar.Sən mənim sevimli bacımsan.Allah səni xoşbəxt eləsin , xeyir işinə də özü rəvac versin , – nəsə fikirləşib davam etdi , – bir də ki…anam mənə neçə qızın cehizini verib … Süfrə – dəsmal,qab – qaşıq ayaq tutub yeriyir.Onlara da baxarsan , bəyəndiklərini seçib ayırarsan.
Gülnar qəhərləndi : 
– Nə danışırsan , Süsən , onları Mayisə xala sənə verib…
– Anam o vaxt mənə cehiz qoşanda tapşırmışdı ki , sənin də payını ayırım.Fərqi nədir , mən, ya sən,,. hər ikimiz onun qızlarıyıq.Odur ki, heç ürəyini sıxma.Sənin cehizinin bir hissəsi artıq hazırdır.
Gülnarın gözləri doldu : 
– Hər ikiniz sağ olun…Nigar mənə dəfələrlə eşitdirib ki , cehiz – filan lazım deyil.Hazır qurulu evdir , iki qoca adam . Heç nəyə ehtiyac yoxdur .Murad da yaxşı qazanır…
– Xeyirli olsun, Gülnar.Axşam Elşənlə də danışım , gələn həftə qoy elçilərin gəlsin.Onları necə lazımdır ,qarşılayarıq.
– Hə, Zivər bibim də bir -iki ağbirçəklə gələcək..Nə bilim,..Xeyirlisi…
– Bıyy , elə bil bizim xeyir işdə dil – dil ötən Gülnar deyilsən.Nə olub sənə ? Darıxma,hər şey yaxşı olacaq. Uzağa da getmirsən,iki ev aramız var.Yenə birlikdə olacağıq…
– Hə inşallah , qonşu olacağıq…Qaçıb gəlib qardaşım balaları ilə oynayacam ,- deyib ,- Gülnar birdən duruxdu :
– Ay qız , niyə yadıma salmırsan ? Biz Adilə həkimə zəng vurmalıyıq axı…Laborator müayinənin cavablarını öyrənmək üçün…
– Nə bilim,dedim xeyir işi yola verək , sonra…Birdən….
-Nə birdən ? Hər şey yaxşı olacaq…Telefon kitabçasını bəri ver.
Gülnar Adilə xanımın nömrəsini tapıb zəng vurdu…

Ardı var.

Govher Rustamova
www.kafiye.net