QADIN SİRLİ DÜNYADIR…
30-cu bölüm.

Şam yeməyindən sonra hərə öz işi ilə məşğul idi.Süsən mətbəxi yığışdırıb,çay hazırlığı görürdü.Elşən divanda uzanıb televizora baxırdı.
Gülnar mətbəxə keçəndə Süsəni bikef gördü:
-Nə olub,Süsən?Niyə kefin yoxdur?Bayaqkı söhbətimiz yoxsa xətrinə dəydi?
Süsənin gözündə yaş gilələndi:
-Yox Gülnar,-dedi.Səndən zərrə qədər incikliyim yoxdur.
-Belə çıxır ki,Elşən xətrinə dəyib.
-Xətrimə dəyən bir söz desəydi nə vardı ki…
-Nə olub axı?…Açıq danışsana…
Süsən stəkanları silib stolun üstünə qoydu:
-Bilirsən,son günlər Elşəni tanıya bilmirəm.Elə bil həmişə deyib-gülən,zarafatlaşan,maraqlı söhbətlər edən Elşən deyil.Başa düşürəm,işi ağırdır,yorulur,amma əvvəllər belə deyildi…Özün görürsən,otağa çəkilir,dinib danışmır.Neçə dəfə otağa keçəndə görmüşəm ki,televizoru yanmış vəziyyətdə qoyub yatıb.Elə bil bu evdə onu heç nə maraqlandırmır…
Gülnar Süsənin könlünü almağa çalışdı,qucaqlayıb üzündən öpdü:
-Sakitləş,əzizim.Burda inciməli bir şey yoxdu.Onun işi çox ağırdır.Yorulub əldən düşür.Yemək yeyib uzananda da ki,yuxu aparır.Elşən bizi çox istəyir ,bizdən başqa kimi var ki?…
“Bizdən başqa kimi var ki?…”Süsən ürəyində təkrarladı..”Elə bəla da burasındadır da…
-Başa düşürəm,Gülnar…Hər şeyi başa düşürəm…Amma bir-birini darıxdırıb ,evdə gərginlik yaratmaqla heç nə əldə etmək olmaz.Elşən övlad arzusu ilə yaşayır,xəyallar qurur…Yəqin ki,Allah bir gün bizi də sevindirər…
Gülnarın da gözləri doldu:
-İnşallah,bacı.Sevindirər,mütləq sevindirər…
Süsən:
-Hər dəfə anamla danışanda,ilk sualı bu olur…Sənin də gözlərindən narahatçılığını oxuyuram…Elşən …Üzümə belə baxmaq istəmir…Elə bil hamının qarşısında böyük bir qəbahətim var…Məgər mən övlad istəmirəm?Ana olub,körpəmi qoxlamaq,qucağıma alıb əzizləmək istəmirəm?.-deyib elə hönkürdü ki,Gülnarın ürəyinin başı sızıldadı…
-Darıxma,Süsən,-dedi.Elə indicə Adilə xanıma zəng vuraram.Məsləhət bilsə,lap günü sabah qəbuluna gedərik.Mən əminəm ki,ciddi bir şey yoxdur.Hər şey yaxşı olacaq.Dur,əlini-üzünü yu,oturaq bir pürrəngi çay içək.
Süsən əl-üzünü yuyub otağa keçənə qədər Gülnar artıq süfrəni hazırlayıb,Elşəni də çay içməyə çağırmışdı.Aralarında nə söhbət olmuşdusa,Elşən gülümsəyir,Süsənı ovutmağa çalışırdı.Gülnar da gülməli əhvalatlar danışmaqla ,şən əhval-ruhiyyə yaratmaq istəyirdi…
Gülnar Süsənlə Elşənin şirin söhbət etdiyini görüb,sakitcə otağına keçdi.Telefon kitabçasından Adilə həkimin nömrəsini axtarıb tapdı.Dəstəyi qaldırıb zəng vurdu.
Adilə xanım onu diqqətlə dinlədi.Müayinə olunmaq üçün səhər klinikaya gəlməyi məsləhət gördü.Gülnar ona razılıq edib , dönə-dönə təşəkkür etdi.
Süsən stəkanları yığıb mətbəxə keçəndə,Gülnar da onun ardınca getdi.Sakit səslə:
-Hə,bacıcan,-dedi.Adilə xanımla danışdım.Sabah səhər bizi qəbul edəcək.Sağ olsun,necə lazımdırsa,bizə kömək etməyə hazırdır.Ürəyini buz kimi saxla,hər şey yaxşı olacaq,-deyib Süsəni bağrına basdı
Süsənin gözlərində ümid qığılcımları parıldadı,minnətdarlıqla Gülnara baxdı…

Ardı var.

Govher Rustamova
www.kafiye.net