Qəlbim

Qəlbim dərdlərimin əlində dustaq…
Bəxtim uçuq-sökük koma kimidir.
Ağır yük altında batan gəmiyəm,
Ümidlərim tutqun səma kimidir.

Bu namərd dünyada kimə güvənim?
Güvəndiyim dağa qar yağıb mənim.
İtirəm içində dumanın-çənin,
Taleyim bir ögey ana kimidir.

Mən ki zəbanilər qismətindəyəm…
Azad bir nəfəsin həsrətindəyəm.
Haqdan gələn səsin həsrətindəyəm,
Ruhum göldən ayrı sona kimidir.

Qırıb qollarımda bu zəncirləri,
Buraxıb arxamda dərdi-kədəri,
Görəydim çəkdiyim acı günlərim
Artıq unudulmuş sima kimidir…

02.11.2017
Tamara Rustamova Tenha Bulud