Toxun acdan xəbəri yox

(Bu şeiri 2011-ci ildə cap olunmuş birinci 
kitabımdan ixtisarla oxuyanlar var)
Cahanda təkdir yurdumuz, sərvətinin qədəri yox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Bir dənə qoşma yazmayan, qoltuğundan saz çıxaraır,
Gözün yumur, ağzın açır, min cürə avaz çıxarır,
O vaxt deyirdi dədələr: “Pazı ancaq paz çıxarır”,
İtirmişik pazımızı, sözümüzün kəsəri yox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Qoymarıq ki, bu şəhərin, qalsın daş üstə daşını,
Bir çoxu görməyib hələ, bizdəki nər savaşını,
Deputatlar xəcalətdən salıb aşağı başını,
Özlərinə gün ağlayır, göz yaşının qədəri yox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Başlayıblar hazırlığa, qarşıda çünki qış gəlir,
Qar, yağış elə şeydi ki, çökək yerlərə tuş gəlir,
Yollar ara, yol polisi, gözlə qəpik-quruş gəlir,
Ya çırmala balağını, yainki geyginən “sapox”,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Artıbdır inkişafımız, hər şey birə-beş böyüyür,
Sərbəstlikdi, aşkarlıqdı, soran yoxdu nöş böyüyür,
“Silkon” gəlibdi gündəmə, dodaq şişir, döş böyüyür.
Allah verən əzaların, bədəndə bir əsəri yox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Yaşamırıq bir çoxumuz, ayaq üstə yellənirik,
Nə olsun ki, məclislərdə hallanırıq, şellənirik,
Təbiblər icad eləyib, indi süni döllənirik,
Qurdalasan bir çoxunun, “madar”ı var, “pədər”i yox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Dəbdən düşüb bilik, savad, hərə bir cür çıxarır ad,
Ürək var ki, pulla vurur, yola verməz bir ayrı zad,
Məmur ki rüşvət almadı, həmin gün eyləyər vəfat,
Belə tərzi-həyatdı bu, sevinci az, kədəri cox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Bir hikmət var kresloda, cəzb eləyir yiyəsini,
Tapılmayıb alim hələ, ölçə maqnit sahəsini,
Kimi ondan ayırsalar, iitirir iradəsini, 
Cırır cihazı təzyiqi, ürək “parox”, şəkəri çox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Göz dikirik kanallara, düşüb cürbəcür hallara,
Başımız qarışıb hələ, “şou”ya, qalmaqallara,
Deyirlər ki, olmayacaq, “əlavə vergi” mallara,
Aşıb-daşır sevincimiz, heç hüdudu, qədəri yox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Hərədən bir şey öyrənib, itiririk arımızı,
Ekrana pənah gətirib, axtarırıq yarımızı,
Xalqa yaxşıca toy tutub, açırıq bazarımızı,
Nə qocası, nə cavanı, ağıllı bir nəfəri yox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Əl gəzdirib çimərliyə, bütün yeri zəbt elədik,
Biri çatdı arzusuna, digərin bədbəxt elədik,
Heç Çingiz də bilmədi ki, biz bunu nə vaxt elədik,
Görmək olmur sahilini, eylədilər Xəzəri yox,
Acın toxdan xəbəri var, toxun acdan xəbəri yox.

Çingiz Kürdəmirli.
www.kafiye.net