HƏLƏ DƏ SEVİRSƏN…

İncitək saf, təmiz olan ürəyim,
Sənin saflığına baxıb gülürəm.
Eşqin acısıyla dolan ürəyim,
Sənin saflığına baxıb gülürəm-
Hələ də sevirsən onu , bilirəm.

Limansız dənizsən sevgiylə dolu,
Sevginin əsiri, köləsi, qulu,
Yorğun addımlarla tutdun bu yolu,
Sənin saflığına baxıb gülürəm-
Hələ də sevirsən onu , bilirəm.

Bir dəfə dadaraq eşqdən tam aldın,
Xəyallar quraraq arzu-kam aldın,
Xoşbəxtlik yerinə kədər, qəm aldın,
Sənin saflığına baxıb gülürəm-
Hələ də sevirsən onu , bilirəm.

Verdiyi acını udub danırsan,
Narahat olursan, onu anırsan,
Özünü unudub yara yanırsan,
Sənin saflığına baxıb gülürəm-
Hələ də sevirsən onu , bilirəm.

Aldığın yaranı tez basdırırsan,
Gülürsən, hər kəsi sən çaşdırırsan,
Elə öz içində hey qışqırırsan,
Sənin saflığına baxıb gülürəm-
Hələ də sevirsən onu , bilirəm.

Yaşatdın içində yar kölgəsini,
Ora buraxmadın bir özgəsini,
Adıyla bəzədin hər bölgəsini,
Sənin saflığına baxıb gülürəm-
Hələ də sevirsən onu , bilirəm.

Seadet Rzayeva Qerib
www.kafiye.net