QADIN SİRLİ DÜNYADIR…
29-cu bölüm.

Fikrində Süsənlə bu barədə necə danışacağını götür-qoy edirdi.Onun xətrinə dəyə biləcək hər şeydən ehtiyatlanırdı.
Həyətdəki işlərini bitirib evə keçəndə Süsən anası ilə telefonla danışırdı.Həmişəkindən bir qədər həyəcanlı idi:
-Narahat olma,ana,olacaq da…İnşallah,sevinərsən…
Gülnar özlüyündə düşündü:”Həə,deyəsən narahat olan tək mən deyiləm axı…Mayisə xala da nəvə xəbəri gözləyir…”
Süsən anası ilə sağollaşıb dəstəyi asdı.Gülnara tərəf dönüb:
-Anam idi,-dedi.Sizə çoxlu salamı var.
Gülnar məqamı əldən vermədi:
-Mayisə xala nədən narahatdır ki?
-Nə bilim,deyir,gör nə vaxtdır getmisən,mənə şad xəbər verməyə tələsmirsən.
Gülnar ürəkləndi:
-Əslində narahat olmalı bir şey yoxdur,amma hamımızın arzusudur da…İnşallah,Allah sevindirər bizi.
Süsən:
-Bilirsən,-dedi.Anamı qınamıram.Xəstəliyinə görə çox yaşayacağına ümidi yoxdur.Həm də ki,mən də gec olmuşam axı.Anam illərlə müalicə olunub.Məndən sonra isə uşağı olmayıb.Buna görə də narahat olur.
Gülnarın həyəcanı lap artdı:”İlahi, bizi bircə bu sıxıntıya salma.Elşənə tezliklə övlad qismət elə…Gözümüzü yolda qoyma.”
Süsən Gülnarin da intizarda olduğunu hiss edirdi:
-Anam deyir ki,vaxt tapanda Gülnarla bərabər lap bir günlüyə də olsa,gəlin Bakıya.Tanış həkim var.Müayinədən keç,ehtiyac olarsa,müalicə olunarsan…
Gülnar nə deyəcəyini bilmirdi.Qısa sükutdan sonra:
-Süsən,-dedi.Təki ciddi bir problem olmasın.Darıxma,kənd xəstəxanasındakı həkim də tanışdır,özü də illərin təcrübəli həkimidir.İstəyirsən,onunla danışaq.Müayinəni burda da etmək olar.Allah eləsin,müalicəyə ehtiyac olmasın.
Süsən özü hamıdan artıq narahat idi.Bilirdi ki,Elşən ondan övladının olacağı xəbərini həsrətlə gözləyir.Özü isə ana olacağı günlərin şirin xəyalları ilə yaşayırdı…
-Nə deyim,ay Gülnar,müayinədən keçmək elə də çətin iş deyil.Nə vaxt məsləhət bilsən,gedərik.
Gülnar onu qucaqlayıb öpdü:
-İnşallah ki,hər şey yaxşı olar.Darıxmayaq.Allah səbr edənləri sevir.Həkimlə danışaram,gün təyin edər,gedərik.
Süsən zorla gülümsəsə də,çöhrəsindən narahat ifadə silinmədi.Elşənin işdən gəlməsinə az qalırdı.Qızlar mətbəxə keçib şam yeməyinə hazırlıq görürdülər.
Darvaza açıldı,Elşən həyətdə göründü.Süsən onu qarşılamaq üçün həyətə endi.Yenə də Elşənin soyuq baxışları ilə rastlaşdı.Neçə gün idi ki,Elşən işdən çox kefsiz gəlirdi ,heç kimlə danışmağa həvəsi olmurdu.Süsən əvvəllər bunu yorğunluq kimi qəbul etsə də ,sonralar əsl səbəbi anlamağa başlamışdı…
“Qəribədir,saatlarla yolunu gözləyirəm,evə gələndə üzümə belə baxmaq istəmirsən.Elə bil hansısa günahın sahibiyəm.”deyib incik halda evə keçdi.Elşən onun xətrinə dəymək istəmirdi.Amma yeknəsək həyat tərzi onu bezdirmişdi.Həyatında köklü dəyişikliklər istəyirdi.Övlad istəyirdi,həyatına məna verəcək,rəng qata biləcək övlad…

Ardı var.

Govher Rustamova
www.kafiye.net