QADIN SİRLİ DÜNYADIR…
26-cı bölüm.

Toya son hazırlıq işləri görülürdü.Bütün qohumlara,yaxınlara,dost – tanışlara dəvətnamələr paylanmışdı.
Dəvət olunanlar içərisində sevinib təbrik edənlər, xeyir-dua verənlər çoxluq təşkil etsə də ,qınayanlar da vardı.Hətta Süsənin qulağına ” Camaat kənddən şəhərə qaçır,bunlar şəhərdən kəndə qız verirlər ” kimi söhbətlər də çatırdı.Amma bunlar Süsəni qorxutmurdu.Elşənlə ailə qurub xoşbəxt olacağına tam əmin idi.Hər dəfə telefonda Elşən ona ” Süsən, səni xoşbəxt etmək üçün əlimdən gələni edəcəm “deyəndə ,dünya onun olurdu.Xəyalında isti ailə ocağı , xoşbəxt körpələr,sevgi və məhəbbətlə əhatələnmiş bir həyat canlanırdı.Ürəyində sonsuz arzuları vardı…
Kənddə də Elşənin şəhər qızı ilə evlənməyi birmənalı qarşılanmırdı. ” Elşən böyüyüb, daha bizləri bəyənmir ” kimi atmacalı,ibarəli söhbətlər gəzirdi…Təbii ki, bunlar heç nəyi dəyişmək iqtidarında deyildi.Elşənin də Süsənlə xoşbəxt həyat quracağına şübhəsi yox idi.Ən böyük arzusu oğul-uşaq sahibi olmaq idi.Həmişə çoxuşaqlı ailələrə həsəd aparırdı.Bacısı ilə bərabər yaşadığı sakit həyat hərdən ona cansıxıcı görünürdü. “Ailənin yaraşığı uşaqdır.” deyirdi.İndi onun da xəyalında xoşbəxt,çoxuşaqlı ailə tablosu canlanırdı…
Toy günü gəlib çatdı.Evdə hamı həyəcanlı idi.Mayisə bacardığı qədər özünü soyuqqanlı göstətməyə çalışır,Nazim otaqda var-gəl edir,Süsəninsə səsi çıxmırdı…Toya bir neçə saat qalmışdı.Rəfiqələri onu elə zövqlə bəzəmişdilər ki,baxan gözünü çəkə bilmirdi.Ağ gəlinlik libası ona necə yaraşırdı…Elə bil su sonası idi…
Budur,maşınların ardi-arası kəsilməyən siqnalları oğlan evinin gəlişini bildirir.Həyətdə çalınan ” Vağzalı” evdəki həyəcanı birə-beş artırdı.Kənd cavanları həyətin ortasında böyük bir tonqal qalayıb,ətrafında ürəklə rəqs edirdilər.Qonşu binalardan da hamı boylanıb bu möhtəşəm görüntünü maraqla seyr edirdi.Süsəni musiqi sədaları altında aramla pillələri düşürdülər.Maşın karvanı toy keçiriləcək məkana yol aldı.
Toy o qədər şən,maraqlı keçirdi ki,gecə saatları olmasına baxmayaraq,heç kim oranı tərk etmək istəmirdi.Amma yekunllaşdırmaq lazım idi.Ailə səhər tezdən hamılıqla kəndə,Elşənin toyuna yola düşəcəkdi.Masabəyi toyun sonuncu rəqsini elan etdi.Rəfiqələri Süsəni həzin musiqinin müşayətilə rəqsə dəvət etdilər.Süsən başını aşağı dikib,əli ilə yüngülvari rəqs hərəkətləri edirdi.Qohumlar,yaxınlar bir-bir yaxınlaşıb üzündən öpür,xeyir-dua verirdilər.
Həmin gecə Süsəngildə demək olar ki,heç kim yatmadı.Toyun həyəcanı,səhər Süsənin ər evinə yola salınacağı fikri elə bil hamının yuxusunu ərşə çəkmişdi.
Həyəcanlı an gəlib çatdı.Ağbirçək bibisi Müqəddəs Quranı Süsənin başı üstündə saxladı,ata da, ana da övladlarına xeyir-dua verdilər.Maşın karvanı kəndə yola yola düşdü.
Elşəngilin həyətində böyük mağar qurulmuşdu.Ocaqda ,iri qazanlarda bişirilən növbənöv yeməklərin ətri aləmə yayılırdı.Maşınlar həyətə daxil olar-olmaz hamı oraya axışdı.Gəncləri dövrəyə aldılar.Musiqi çalınır,hamı rəqs edirdi.Gülnarın sevincinəsə,çatan olmazdı.Süsən evlərinə gəlin gəlmişdi….Elşəni də,Süsəni bağrına basıb öpməkdən doymurdu….Ürəyində minbir arzu çiçək açmışdı….
Beləliklə,Süsənin ailə həyatı başlayırdı….

Ardı var.

Govher Rostamova
www.kafiye.net