QADIN SİRLİ DÜNYADIR…
22-ci bölüm.

Ona elə gəldi ki,havası çatmır,boğulur.Cəld eyvana çıxdı,ordan otağına keçdi…Qızının vurnuxduğunu görən Mayisə narahat oldu:
-Nə olub qızım?Zəng vuran kim idi?
-Narahat olma ,ana.Gülnar idi.
-Bəs nədən darıxdın?Bir şey olmayıb ki?
Süsən nə deyəcəyini bilmədi.Anasının gözlərinə baxıb susdu.Mayisə səbrsizləndi:
-Süsən,bizim aramızda heç vaxt , heç bir sirr olmayıb.Özün demişkən,biz həm də rəfiqəyik.Ürəyində nə varsa,danış qızım.Anayam , hər halda ,səni anlayıb döğru yol göstərəcəm.
Anasının dediklərindən bir qədər ürəklənən Süsən məsələni üstüörtülü də olsa,anlatmağa qərar verdi.Təbii ki,bu boyda söhbət sirr olaraq qala bilməzdi.İndi onun həqiqətən də ana məsləhətinə böyük ehtiyacı vardı.Udquna-udquna,çəkinə-çəkinə də olsa,məsələni olduğu kimi anasına danışdı.Mayisə onu diqqətlə dinləyir,arabir gülümsəyirdi.Süsən söhbətini bitirəndə sakit səslə soruşdu:
-De görüm, bu barədə özün nə düşünürsən?
-Özüm?…Nə bilim?…Əslində Elşən…pis oğlan deyil…
-Aha,adətən evimizdə belə söhbətlər olanda əsəbləşirdin, hətta bizdən inciyirdin də.Demək,Elşəni bəyənirsən.
Süsənin yanaqları qızardı,Mayisə onu bu haldan çıxarmağa çalışdı:
-Qızım,həyatın qanunu budur.Bir qız bir oğlanındır.Amma seçim məsələsi çox önəmlidir.Adi bir yanlışlıq insana həyatı bahasına oturur.Tərəflər arasındakı uyğunsuzluq hər ikisinə cəhənnəm əzabı yaşadır.Odur ki,belə məsələlərdə çox diqqətli olmaq lazımdır.Anam rəhmətlik deyərdi:”Bala,həvəslə yox,ağılla iş görün”.O vaxt cavan idik,yaşlıların sözünü qəribçiliyə salırdıq.Amma adam özü yaşlandıqca çox mətləbləri anlamağa başlayır.Həyat insana bir dəfə verilir.Düzdür,qismət,tale deyilən bir şey də var.Amma ,inan mənə qismətin bir hissəsi də insanın öz əlindədir.Düşün,yaxşı-yaxşı götür-qoy elə…
Anasının səbrli,təmkinli danışığı Süsənin həyəcanını xeyli azaltdı.
-Ana,-dedi,-öz ürəyimdəkini özüm bilirəm,amma tək bununla iş bitmir axı.İşin başqa tərəfləri də var.
-Hə,qızım,var.Demək istədiklərim də elə onlardır.Sən, şəhər mühitində böyümüş,ali təsilli bir qız, omür boyu kənd mühitində savadsız biri ilə yaşayıb xoşbəxt olacaqsanmı?Həyata baxışlarınız,dünyagörüşlərinizdəki uyğunsuzluq sizə mane olmayacaq ki?Bunları dərindən düşün.
-Savadsız deyəndə ki,o geridəqalmışın biri deyil.Müasir oğlandır.Her şeydən xəbəri var.Mən orda olanda axşamlar bizə maraqlı söhbətlər edirdi.Dünyanın ən iri dövlətləri barədə ,onların əhalisi,ərazisi haqda elə məlumatlar verirdi ki,mən heç onları bilmirdim.Yatana qədər dünya xəritəsi əlindən düşmürdü.Belə görünür ki,coğrafiyaya böyük marağı olub.Gülsüm xalanın qəfil ölümü olmasaydı,bəlkə də hər ikisi oxuyub, handa bir adam olmuşdular.Qaldı kənd məsələsi,mən oranı çox sevdim,-ana.Təbiəti də,adamları da ürəyimə yatır.Sənin qəfil xəstəliyin olmasaydı,inan,- hələ gəlmək fikrim yox idi.
-Nə deyim,-qızım.Mənim övladım olsan da,həyat sənin həyatındır.Qərar verməyə tələsmə.Hər şeyi dərindən götür-qoy et.
Nəsə fikirləşib əlavə etdi:
-Birdən elə bilərsən ki,bu sözləri qısqanclığımdan deyirəm,əsla yox.Çox gözəl bilirəm ki,nə vaxtsa pərvazlanıb bu yuvadan uçacaqsan.Tək arzuladığım sənin xoşbəxtliyindir.Ata-anaya bundan savayı heç bir şey lazım deyil.
-Ata demişkən,bəs atam bu işə necə baxacaq?
-O sonranın işidir.Əsas qərar sənindir.Atanla söhbəti mən boynuma götürürəm.Sən onun yeganə,sevimli övladısan, o da sənin xoşbəxtliyini istəyir.Yaxşı,-keçək mətbəxə.Görüm qızım bu gün nə bişirəcək…Amma öz aramızdır,Gülnardan xeyli biş-düş öyrənmisən haa….
Ananin sözlərinə hər ikisi güldü.
Süsən anası ilə söhbətdən sonra xeyli yüngülləşdi.Elə bil çiyinlərindən dağ götütülmüşdü…..

Ardı var.

Govher Rustamova
www.kafiye.net