QADIN SİRLİ DÜNYADIR/21-ci bölüm

Elşəni yola saldıqdan sonra Gülnarın başı həyət işlərinə qarışmışdı , amma qardaşı ilə olan söhbət onu rahat buraxmırdı.Ürəyində elə hey nələrisə götür-qoy edir,məsələni Süsənə necə açıb deyəcəyi barədə düşünürdü…
Süsən kifayət qədər dincəlmişdi,evdə oturmaq artıq onu sıxırdı.Bir neçə yerdən iş təklifi alsa da,ürəyinə yatanı yox idi.Başqa bir narahatçılığı da vardı…Elşən…Bir dəqiqə belə yadından çıxmayan Elşən…Çox vaxt onu yerli-yersiz xatırlamalarına görə özünə acığı da tuturdu.Amma ürəyi ilə bacarmırdı…Hara baxirdısa,gözünə Elşən görünürdü…Hansı musiqini dinləyirdisə ,fikrində Elşənin surəti canlanırdı…” Aman Allah! Bu nədir?…Niyə onu fikrimdən çıxara bilmirəm?Niyə onun xəyalları məni rahat buraxmır?Niyə?…Niyə?”,-düşünürdü.Birdən yadına artıq zərb-məsələ çevrilmiş “Məhəbbət bir bəla şeydir,giriftar olmayan bilməz”deyimi düşdü…Giriftar olmuşdumu?…
Telefon zəngi onu xəyallardan ayırdı.Dəstəyi həvəssiz qaldırdı.Gülnarın səsini eşitcək,ürəyi çırpındı.Özünü itirdi…Dili-dodağı əsdi…Özünü ələ almağa çalışdı:
-Hə,Gülnar…Salam,əzizim,-dedi.Səsindəki titrəyişi Gülnar da hiss etdi:
-Salamatçılıqdırmı?Mayisə xala necədir?
-Şükür,hər şey yaxşıdır.Sizdə nə var,nə yox?
-Biz də yaxşıyıq.Həmişəki qaydada…Elşən işə gedir,mən də ki,ev-eşiklə əlləşirəm…Sənə yaman öyrəşmişdik,elə bilirdik ki, bizim ailənin üzvüsən.İndi ikimiz də səninçün darıxırıq….
Sonuncu cümlə Süsəni düşündürdü:” Belə çıxır ki,Elşən də ondan ötrü darıxır…Görəsən,Gülnar bununla nə demək istəyir?”
Yenidən Gülnarın səsi eşidildi:
-Nə oldu,ay qız,yatdın?
-Səni başa düşdüm,Elşən niyə darıxır ki?
-Nə bilim,bax bunu onun özündən soruşmaq lazımdır,-deyib Gülnar özünəməxsus tərzdə güldü.
Süsən Gülnarın bu ibarəli danışığından nələrisə anlamağa çalışırdı:
-Gülnar,sözlü adama oxşayırsan,mənə bir deyəcəklərinmi var?
-Hə var…Süsən,sən bizim əzizimizsən.Gəlişinlə evimizə yeni nəfəs,yeni ruh gətirmişdin.Elşən də başqalaşmışdı…Elə bilirdim gedişin təkcə məni darıxdırır…Amma…Elşən məndən də artıq darıxır,özünə yer tapa bilmir…Bu gün artıq məsələni açıb,söylədi…
Süsənin qulaqları uğuldadı…İlahi,o nələr eşidirdi? Doğrudanmı Elşən ona biganə deyildi ?:
-Hansı məsələni,Gülnar?
-Necə deyim,…Süsən, artıq heç birimiz uşaq deyilik…Səncə gənc oğlanın gənc qız üçün darıxmağı nə deməkdir?Mən hər şeyi anlayıram.Birdən- birə belə söhbət eşitmək asan deyil…Bir də ki,sən şəhər yerində böyümüsən,təhsilli qızsan.Evin tək övladısan…Nə bilim,bu işə necə baxacaqsan…Amma…səni evimizdə gəlin görmək istəyirik,Süsən….
Süsənin nitqi tutuldu,nə deyəcəyini bilmədi…Yenə də köməyinə Gülnar gəldi:
-Yaxşı,əzizim,səni çox incitməyim.Bilirəm,belə bir söhbətə hazır deyildin.Düşün,daşın…Ürəyinin səsinə qulaq as.O,səni aldatmayacaq.Bir neçə gündən sonra yenə zəng vuracam.Söhbətin qalanını da saxlayaq sonraya ,məncə bugünlük bəsdir.Hələlik,bacım.Məndən evdəkilərə salam de.Öpürəm,əzizim.
Süsən asta səslə:
-Sağ ol,Gülnar,-dedi.
-Mən də salam deyimmi?,-Gülnar yenə Süsənə söz atıb güldü.
Süsən çaşbaş qaldı:
-Həəə,nə…kimə…
Bu dəfə Gülnar bərkdən güldü:-
Deyəcəm,deyəcəm….
Sağollaşıb ayrıldılar.Süsən elə bil başqa bir aləmə düşmüşdü.Fikirləri yaman qarışmışdı…..
Ardı var.

Govher Rustamova
www.kafiye.net