QADIN SİRLİ DÜNYADIR/17

Süsən kəndə gəlişindən o qədər məmnun idi ki,nə vaxtsa buranı tərk edəcəyi barədə heç düşünmək belə istəmirdi.Kəndin təmiz havası,suyu,gözoxşayan mənzərəsi,xoşxasiyyət adamları onu valeh etmişdi.Hər gün evə zəng vurur,ata-anası ilə istədiyi qədər danışırdı.Bircə anasının bu xəstəliyi olmayaydı….

Mayisə qızından ötrü çox darıxırdı.Amma Süsənin hər dəfə istirahətindən ağızdolusu danışmağı ona təskinlik verirdi.Özlüyündə ” Eybi yox mən birtəhər dözərəm,təki Balamın günü xoş keçsin” deyirdi.Hətta səhhətinin tez-tez pisləşməsini də ondan gizlədirdi.
-Yenə nə fikrə getmisən?,-Gülnarın səsi Süsəni fikirdən ayırdı,- olmaya darıxırsan?
Süsən mehribanlıqla rəfiqəsini qucaqladı:
-Nə danışırsan Gülnar,Heç belə yerdə darıxmaq olar?Burda hər şey ürəyimcədir…Tək nigarançılığım anamdandır..Xəstəlik onu əldən salıb…
Gülnarın üzünə xəfif bir kədər qondu:
-Hə…,-dedi..Allah analara dəyməsin…Mayisə xala mənim ikinci anamdır…Qəm yemə,Allahın köməyi ilə hər şey yaxşı olar…,-deyib Süsənin üzündən öpdü.
Süsən şəhər yerində böyüsə də,həyət-baca işlərində Gülnara həvəslə kömək edirdi.Ona hər şey maraqlı idi.Bilmədiklərini də öyrənməyə çalışırdı.

Gülnar onu Zivər bibisigilə də qonaq aparmışdı.Bütün günlərini orda keçirmiş,Qadirlə doyunca söhbət etmişdilər.Zivər həqiqətən qardaşına yaxşı baxırdı,ora gedəni Qadirin əhvalı xeyli dəyişmişdi.Elşən də vaxt tapanda onlara baş çəkir, incikliyi aradan qaldırmağa çalışırdı.
Gülnar səhər tezdən qardaşına çay-çörək verib işə yola salmışdı.İndi də özləri üçün süfrə hazırlayırdı.Həyətdə samovar buğlanır,ağacın altındakı taxta masanın üstünə cürbəcür təamlar düzülürdü.Qızlar həvəslə masa arxasına əyləşdilər.Gülnar hər ikisinə təzədəm çay süzüb süfrəyə qoydu.

-Süsən,-dedi.Biz səninlə çox yaxın rəfiqəyik,daha doğrusu bacıyıq.Amma heç vaxt aramızda açıq söhbət olmayıb…Həmişə pərdəli dolanmışıq.Ancaq artıq uşaq deyilik.Yaşımızın elə vaxtıdır ki,bəzi məsələləri bölüşə bilərik…
Süsən özlüyündə düşündü: “Xeyir ola,bu qız sözlü adama oxşayır…”
-Məsələn,-dedi.Nələri?
Gülnar çaydan içib Süsənin gözlərinə baxdı:
-Məsələn,şəxsi məsələləri.Biz özgə deyilik…Sən çox gözəl,mədəni,tərbiyəli qızsan.De görüm,ürəyinə yatan kimsə var?
Süsənin ürəyi çırpındı…”Yoxsa,Gülnar bir şey başa düşüb?”…Özünü ələ almağa çalışdı:
-Hələ ki,yoxdur Gülnar…Heç tələsmirəm də.Vaxtı çatanda ürək öz seçimini edəcək,-dedi.
Gülnar ucadan güldü:
-Sən də lap Elşən kimi danışırsan….
Süsən diksindi…”İlahi…Ürəyim yerindən çıxacaq…Özün mənə yardım et…”
Gülnar heç nə hiss etmirmiş kimi söhbətinə davam etdi:
-Saqqalı ağarmış,evlənmək adı gələndə daş atıb,başını tutur.Hər şeyin öz vaxtı var.O vaxtı gərək ötürməyəsən…Nə deyim,açığı mənim ürəyimə yatan biri var.Elşənin lap yaxın dostudur.Savadlı,mədəni oğlandır.Adamlarını da göndərib.Bacısı qonşu kənddə gəlindir,yaxşı ailəyə düşüb.Özü ata-anası ilə yaşayır.Bir-iki ev o yanda.Cavabımı gözləyirlər…Amma mən neyləyim? Elşən məndən böyükdür,qardaşdır… Qabağa gərək o düşsün.Mən ondan arxayın olmayınca heç yerə gedə bilmərəm.Allah bir yol açsın,onun da ürəyi kimisə tutsun.Bacıyam, mənim də ürəyimdə arzu-kamım var,-deyib köks ötürdü…Bəlkə də anam sağ olsaydı,hər şey başqa cür olardı…Nə bilim…Qismət..
Süsən yerindən qalxıb Gülnara tərəf gəldi,boynunu qucaqladı:
-Allah Gülsüm xalaya rəhmət eləsin,-dedi.Bura gələn gündən onun qəbrini ziyarət etmək barədə düşünürəm,deməyə ürək eləmirəm.Bəlkə birlikdə qəbr üstünə gedək,hə?
Süsənin təklifi Gülnarın lap ürəyindən oldu:
-Hə,əzizim.Gedərik.Anamın ruhu şad olar.Bizim də ürəyimiz sakitləşər….Qalxaq,günün istisi düşməmiş işlərimizi görək,-deyib süfrəni yığışdırmağa başladı.Süsən stəkanları yuyurdu.Birdən telefon zəng çaldı.Gülnar dəstəyi götürdü.Süsənin atası Nazim idi.Səsində həyəcan vardı.Gülnar onunla kef-hal edib dəstəyi Süsənə ötürdü.Süsən nə eşitdisə,rəngi kağız kimi ağardı.Dili topuq çaldı:
-Darıxma ata…Hər şey yaxşı olacaq.Özünü ələ al.Mən bu saat yığışıb yola düşəcəm…Sağollaşıb dəstəyi asdı.
Gülnarın sual və həyəcan dolu baxışları ona dikildi:
-Nə olub Süsən?
Süsən təşviş içində:
-Axşam anamın halı pisləşib,-dedi.Təcili xəstəxanaya götürüblər…Atam yazıq başını itirib…Mən təcili getməliyəm,-dedi.
Ardı var.

Govher Rustamova
www.kafiye.net