Geri təhvil al

Baş tutdu niyyətin…Dayan gendə di,
Çattdı sona aramızda qeylü-qal,
Sevincin də kədərin də məndədi,
Necə vermisənsə, geri təhvil al.

Bu sevdamız niyə belə gec oldu?
Saf duyğumuz, adımıza suç oldu,
Miskin olan həyat tamam puç oldu,
Daha məndə olmayacaq xoş əhval.

Bilirsənmi, necə sevirdim səni,
Yaddan çıxarmışdım qəmi, qüssəni,
Unutmaq olarmı bu eşqi yəni?
Hara sürüklədi amansız iqbal….

Ayrılıq havasın çalanda sazın,
İtirdi ürəyim olan-olmazın,
Xatirimdə qalacaqdır obrazın,
Dodağında giley, üzündə məlal.

Mən Çingizəm, yanan yoxdu halıma,
Fələk dərdi yükləyibdi dalıma,
Cavab söylə Gülüm, bir sualıma,
Sən adi varlıqsan, yoxsa ki, xəyal?…..

08. 09. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net