Mən ağlaram əvəzindən

Aman bülbül,dayan bülbül,
Mən ağlaram əvəzindən.
Dur,eyləmə sinəni kül,
Mən ağlaram əvəzindən.

Mənəm sarı simi tarın,
Sinəm dərddən tarım-tarım,
Gözü dolmuş buludların
Mən ağlaram əvəzindən.

Xəzan vurub solanların,
Saçlarını yolanların,
Məcnun,Fərhad olanların
Mən ağlaram əvəzindən.

Bağbanı ölmüş bağların,
Qartalı köçmüş dağların,
Gözləri kor bulaqların
Mən ağlaram əvəzindən.

Məzahirəm,halım yaman,
Eşq eylədi məni kaman,
Sevənlərin zaman-zaman
Mən ağlaram əvəzindən.

Məzahir İsgəndər
www.kafiye.net