HƏCİ

Həccə gedib ziyarətə Şeytanı daşlayan” Həci”!
Bircə dəfə içindəki Şeytanı daşladınmı heç?
Baxıb kasıb balasının körpə yalın ayağına,
Bir cüt ayaqqabı alıb ona bağışladınmı heç?
Bircə dəfə içindəki Şeytanı daşladınmı heç?

Xumarlanıb -buxarlanıb isti evdə yatmış idin.
Qışın o sərt şaxtasında sərhəd qoruyan igidin,
Ana Vətən torpağına fəda gedən bir şəhidin,
Yetim qalan balasının başını oxşadınmı heç?
Bircə dəfə içindəki Şeytanı daşladınmı heç?

Kəbə evinin başına dolanıb öpdün daşını,
Sonra”ləbbeyk” deyə-deyə tökdün gözünün yaşını.
Deyəsən tövbə emişdin, təzələyim yaddaşını?
Tövbə edib sidq ürəklə düz yola başladınmı heç?
Bircə dəfə içindəki Şeytanı daşladınmı heç?

Dost-aşnaya ehsan verib işini bitmiş sanırsan,
Süfrəndə bircə kasıbı oturtmağa utanırsan.
Sən öz nəfsinin qulusan ,möminlikdən nə qanırsan?
Təkcə Allah rizasına niyyəti tuşladınmı heç?
Bircə dəfə içindəki Şeytanı daşladınmı heç?

Tamara Rustamova Tənha Bulud