Sağlıq deyirik
(1-ci kitabımdan) 

Görəsən, niyə insanlar bir-birlərinə araq
vasitəsilə sağlıq diləyirlər?

Arağın sağlamlığa ziyan olduğun bilirik,
Əldə badə, Allaha üz tutub, sağlıq deyirik.

Hamı qibtə eləyər, olsa bələd nəfsimizə,
Nə üçün səy etmirik, çəkməyə sədd nəfsimizə?
Canavar, fil, begemot eylər həsəd nəfsimizə,
Doyunca yeyirlər onlar, biz ölüncən yeyirik,
Əldə badə, Allaha üz tutub, sağlıq deyirik.

Qaldıranda hər “yüz”ü, bir çox etapdan keçirik,
Turşuyur üz-gözümüz, “Püli-Sirat”dan keçirik,
Qəsd edib canımıza, həm etiqaddan keçirik,
Hallanıb şellənirik, fınxırırıq, kişnəyirik,
Əldə badə, Allaha üz tutub, sağlıq deyirik.

“Vururuq”, hər qramı qaldırır əhvalımızı,
Keçirir sanki həyata, cəmi xəyalımızı,
Yanaşıb bir şamana, yoxlatdırsaq falımızı,
İçimizdə görərik iblis, şeytan bəsləyirik,
Əldə badə Allaha üz tutub, sağlıq deyirik.

Əslində bu sağlığın fonunda xəstəlik durur,
Görmüşük axırını, kim arağı yaxşı “vurur”,
Stolun arxasında hamı adamtək oturur,
Tərk edəndə məclisi, çoxumuz iməkləyirik,
Əldə badə, Allaha üz tutub, sağlıq deyirik.

Hər “yüz”ün öz yeri var, hissə-hissə keylənirik,
Bayaqdan ciddi idik, gör nə təhər əylənirik?!
Ət üstə ət gətirib, balinatək piylənirik,
Yeriyə bilməyirik, dil uzanır, ləhləyirik,
Əldə badə, Allaha üz tutub, sağlıq deyirik.

Kimi dönür quzuya, kimisi tamam şər olur,
Kiminin batır dili, digəri dilavər olur,
Kimi silah çıxarır, bir anda cəngavər olur,
Nə desə razılaşıb, sarsağı dəstəkləyirik,
Əldə badə, Allaha üz tutub, sağlıq deyirik.

Baxırsan ziyafətdə israfçılıq ölçüsünə,
Şükr edirsən az qala, köhnə Sovet ölkəsinə,
“Mələk” dəvət olunur, toyda içki süfrəsinə,
Təzə adət yaradıb, kimləri dəstəkləyirik?
Əldə, badə Allaha üz tutub, sağlıq deyirik.

Çingiz təəssüf edir, çoxdur belə “sağlığımız”,
Az qala itib-gedir, cümlə müsəlmanlığımız,
Artır həm savadımız, həm də ki, nadanlığımız,
Özümüzü həyata başqa cürə kökləyirik,
Əldə badə, Allaha üz tutub, sağlıq deyirik.

Çingiz Kürdəmirli
www.kafiye.net