Biz yalamaqdan doyuruq.
(ikinci kitabımdan)

Bir vətənin övladıyıq, 
Amma ki, fərqli duyuruq.
Siz yeməkdən doymayırsız,
Biz yalamaqdan doyuruq.

Ağlı buymuş müsəlmanın,
İçir bir – birinin qanın,
Tısbağa bəyənmir qının,
Çıxıb çanaqdan, duyuruq.

Nümunəyik hər gələnə,
Şəhrimiz gülə bələnə,
Köç salırıq “göydələnə”,
Səma, buluddan doyuruq.

Tanıdıq yad qucaqları,
Yad tinləri, bucaqları,
Bayramlarda ocaqları,
Gur qalamaqdan doyuruq.

Həyat acı olub gəlir,
Qardaş “bacı” olub gəlir,
Millət Hacı olub gəlir,
Qarşılamaqdan doyuruq.

Bürünmüşük simuzərə,
Qorxuram gələk nəzərə,
İmkan versələr, Xəzərə,
Baxıb qıraqdan, doyuruq.

Gör nə qədər var “ərimiz”,
Toylarımız, nəmərimiz,
Hey uzanır kəmərimiz,
“Şahdağ”, “Çıraq”dan doyuruq,.

Yayılıbdır sorağımız,
Artır hər gün yarağımız,
Qərar dolu varağımız,
Varaqlamaqdan doyuruq

Məmur nədi, rüşvət nədi?
Sistem “vahid pəncərə”di,
“Div” görüb “Məlikməmməd”i,
Şəvəl – budaqdan doyuruq.

Biz nəyi düzgün qanırıq,
Gədanı alim sanırıq,
Evlənirik, boşanırıq,
Kəbin – talaqdan doyuruq.

Tarixə düşdü adımız,
Dəyişdi ağız dadımız,
Silkon oldu çox zadımız,
Döşdən, dodaqdan doyuruq.

Keçmiş ilə halallaşaq,
Sərasər avropalaşaq,
Yığılmışıq, arvad – uşaq,
Yamsılamaqdan doyuruq.

Əsrin bəlası serial,
Ürəklərə salıbdı “xal”,
Nə gülməkdən qalıbdı hal,
Nə ağlamaqdan doyuruq.

Evlənmək istəyən guya,
“ATV” yə gəlir toya,
Yadlar verir xeyir – dua,
Həyata qədəm qoyuruq.

Əcnəbi görsək həsdiyək,
Lap bizi söysə, “yes” deyək,
Şoulara biznes deyək,
Lüt oynamaqdan doyuruq.

Baqqalımız, naqqalımız,
Olubdur ağsaqqalımız,
Həyət dolu çaqqalımız,
Xub ulamaqdan doyuruq.

Heç nəyə yoxdu qadağa,
Şellənirik sola, sağa,
Dəvə ovsarın ulağa,
Bağlayıb daldan, – doyuruq.

Deyirlər dünya dolanır,
Yaddaşımız yırğalanır,
Fırladırlar ki, fırlanır,
Fırladılmaqdan doyuruq.

Bir qulaq asın Çingizə,
Çətindir söz demək üzə,
Əl atıb qələmimizə,
Hərzə yazmaqdan doyuruq,
Siz yeməkdən doymayırsız,
Biz yalamaqdan doyuruq.

Çingiz Kurdemirli
www.kafiye.net