Məni axtar, gözəlim

( Bir dostuma giley məktubu)

Arayıb-axtarıram, mən neçə müddətdi səni,
Tutmasam əhvalını, yatmaram bütün gecəni,
Dərdini izhar elə, söylə ürəkdən keçəni,
Necə tənqid eləyim əzizimi, gəlmir əlim,
Nə olar, bir dəfə də sən məni axtar, gözəlim…

Bu qədər dostlar içində sənə gəlmiş gümanım,
Çəkilir qeybə , eşitcək səsini, çən-dumanım,
Dolaşır fikirlərim, çox yerə gedir gümanım,
Ürəyimdən keçənə, cəsarət etməyir dilim,
Nə olar, bir dəfə də sən məni axtar, gözəlim…

İki kəlmə danışıq, məndə xoş əhval yaradır,
Nişan ver məkanını, söyləyim cənnət haradır,
Verdiyin adi salam, dərdimə dərman-çaradır,
Mesaj et resept kimi, ta oxuyantək düzəlim,
Nə olar, bir dəfə də sən məni axtar, gözəlim…

Dalıram xəyalına, gözüm monitorda qalır,
Bu təlaş hissi ilə zavallı qəlbim yuxalır,
Tərk edir cismimi ruhum da, bir anda yox olur,
Bu tərəfdən soruşurlar :–Hanı qoşmam, qəzəlim?…
Nə olar, bir dəfə də sən məni axtar, gözəlim…

Bilirəm qürurlusan, mən səni dəstəkləyirəm,
Yazdığım sözləri də incəsayaq kökləyirəm,
Dərdim onsuz da çox idi, yenə də yükləyirəm,
Onsuz da yaxşı bilirsən, budur axır-əzəlim,
Nə olar bur dəfə də sən məni axtar, gözəlim…

Elə bir həddə çatmışam, tükü, tükdən sezirəm,
Laqeydlik mənə yaddır, bu səbəbdən bezirəm,
Bu dəyanət, bu səbr gəlibdi Haqdan dözürəm,
Köç edəm, gözün gəzə… Hanı Çingiz adlı dəlim?!
Nə olar, bir dəfə də sən məni axtar, gözəlim…

Çingiz Kürdəmirli.
www.kafiye.net