BİR DAHA..

Baxma gözlərimə acmış qurd kimi,
Mənimlə üz-üzə gəlmə bir daha.
Qəlbim ola bilməz sənə yurd kimi,
Mənimlə üz-üzə gəlmə bir daha.
**
İndi o baxışın hayı deyildir,
Məhəbbət nadanın payı deyildir,
Mən armud,rəqibim ayı deyildir,
Mənimlə üz-üzə gəlmə bir daha.
**
Eyibdir, barı sen yaşından utan,
Ağappaq ağarmış başından utan,
Utan,gözlərinin çaşından utan,
Mənimlə üz-üzə gəlmə bir daha.
**
Xisləti lillilər lilə baxarlar,
Naqislər tərə yox,ələ baxarlar,
Sizdə qız-gəlinə belə baxarlar?
Mənimlə üz-üzə gəlmə bir daha.
**
Nazlıyam,bu olsun əvvəl və axır,
Şər baxan gözlərə Tanrı mil taxır,
Kənardan gör sənə neçə göz baxır?
Mənimlə üz-üzə gəlmə bir daha.

Nazlı Hacılı
www.kafiye.net