Küsənim mənim

(Bir xanım həmkarıma)

Sınıq bir ürəyin donubdur qanı,
Qara geyib çölüm, çəmənim mənim,
Tapammıram…Gözüm gəzir hər yanı,
Hanı qızılgülüm, süsənim mənim?…

Hər sözünə yeni nəğmə qoşanda,
Söyləyərdin, qalacam yaddaşında,
Bəzən də hirslənib, coşub- daşanda,
Xəfif külək kimi əsənim mənim.

Maraqlanan yoxdu daha sözümlə,
Dərdi bölüşürəm özüm, -özümlə,
Seyr et bu dünyanı, mənim gözümlə,
Ay kövrək qəlbimi üzənim mənim…

Başım üstə tutmuş idin çətrini,
Duyurdun sözümdə sevgi ətrini,
Oxuduğun şeirin hər bir sətrini,
Çiçək tək telinə düzənim mənim.

Sözüm çox…Qırılıb sazımın simi,
Böyüklər anlayar böyük dərdimi,
Mən incitmək istəmərəm heç kimi,
Həssas duyğuları sezənim mənim.

Tərk etmək istəyir söz dünyasını,
San ki, ölüb, tut şairin yasını,
Araşdır hər beyti, hər misrasını,
Xəyalı göylərdə gəzənim mənim….

Çingizəm, qəlbimdə saf niyyətim var,
Yoldaşa, dostuma sədaqətim var,
İki kəlməm ilə əmanətim var,
Kiçik bir xətadan küsənim mənim….

Çingiz Kürdəmirli.
www.kafiye.net