Qalmayıb dözüm

Vücudumu acı kədər bürüyüb,
Daxili aləmim sanki çürüyüb,
Zaman məni başqa səmtə sürüyüb,
Ahımdan od tutub yanıram özüm,
Daha tükənibdir, qalmayıb dözüm.

Dost adıyla çoxu girdi qoluma,
Kömək deyil, əngəl oldu yoluma,
Nifrin, lənət bu yaşama, oluma,
Nə qayda var, nə qanun var, nə çözüm,
Daha tükənibdir, qalmayıb dözüm.

Hara getdi o cəsarət, dəyanət,
Ruhumuzu qucaqladı xəyanət,
Saf duyğuya verən varmı zəmanət,
Təmiz sevgi söhbətinə yox lüzum,
Daha tükənibdir, qalmayıb dözüm.

Nə vaxt nigahımız alverə döndü,
Məhəbbət çırağı o anda söndü,
Cismimizə qeyrətsizlik bələndi,
Təpəmə düşdü daş, büküldü dizim,
Daha tükənibdir, qalmayıb dözüm.

Çingiz qələmiylə bilmir neyləsin,
Dərdi başdan aşır…Kimə söyləsin,
Gec duydu çoxunun məkrin, hiyləsin,
Nadanlıq, rəzalət hey düzüm- düzüm,
Daha tükənlbdir, qalmayıb dözüm.

19. 03. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net