NƏ GƏRƏK VAR 

Müqəddəs duyğudur məhəbbət özü,
Sevgidə yalana nə gərək var ki?
Daşı da əridər məhəbbət düzü,
Sevgidə yalana nə gərək var ki?
*
Əgər sevirsənsə yarı ürəkdən,
Qoru öz eşqini qardan,küləkdən,
Yalana meyl etmə,əl çək kələkdən,
Sevgidə yalana nə gərək var ki?
*
Məhəbbət insana Tanrıdan paydır,
Həqiqi sevənlər mələyə taydır,
Sevgi qəlbdən gələn səsdir,haraydır,
Sevgidə yalana nə gərək var ki?
*
Ömür şərəflidir zəhmətlə,tərlə,
Ər gərək qazansın eşqi hünərlə,
Gəl eşqə yanaşma riyayla,şərlə,
Sevgidə yalana nə gərək var ki?
*
Sədaqət göstər ki,eşqdən vəfa um,
Qatlaş,cəfa çək ki,eşqdən səfa um,
Nazlı,dərdlərinə eşqdən şəfa um,
Sevgidə yalana nə gərək var ki?

Nazlı Hacılı
www.kafiye.net