Şair Vidadi Ağdamlının “Gedirəm”adlı şeirinə Nəzirə!

Vətən yağı əlində!

Vətəni darda qoyub getməyimiz yamandır,
Yaralı bülbül kimi ötməyimiz yamandır,
Ölmə hələ qardaşım,sən yaz-yarat amandır,
Ölmək vaxtı deyil ki,Vətən qalıbsa darda,
Yurdlarım param-parça,könül də intizarda!
****
Vətən imdad umur bil,qardaşım səndən-məndən,
Yaraşmaz Vallah bizə dayanıb-durmaq gendən,
Dərdim birə min olub,Qarabağ gedən gündən,
Bir bax,yağı düşmənə,qənim olmur azar da,
Vətənim param-parça,könül də intizarda!
****
Daha qalxıb ayağa,atılmağın vaxtıdı,
Çərşənbə tonqalına ,çatılmağın vaxtıdı,
Yurdu yağıdan alıb,qatılmağın vaxtıdı,
Haydı igidim,haydı,bezdi qələm,yazar da,
Vətən yağı əlində,könül də intizarda!
*****
O torpağı almışdı bir vaxt bizə ərənlər,
Utansın,yerə girsin,pula satıb verənlər,
Qayıdaq,dönək yurda,barın-bəhrin dərənlər,
Bezib dərdin əlində,kağız-qələm,yazar da,
Torpaq yadda-yağıda,ürəklər intizarda!
*****
Solmaz,bəsdir ağladın,daha mərd,mübariz ol,
Qıy canını Vətənə,sən də şəhid,əziz ol,
Qəlbini Haqqa bağla,saf ol qəlbi təmiz ol!
Sənin ki,bir işin yox,nadan olan bazarda,
Qalx,yağıya tut divan,qurtarsın intizarda!

20-02-2017
Solmaz Şirvanlı
www.kafiye.net