Nə fəlakət?..

Nə vaxtdı ki,görüşünə gəlməmişəm,
möhtərəm şair,Cavid əfəndi.Əfv et!
*****************************
1937…4 İYUN…
(Yaxud Allahsız bir gecə)

Nə fəlakət?..Ölüb-öldürmək için
Saçıyor paslı könüllər həp kin.
İştə təlim olunur cəlladlıq,
Yazıq! İnsandakı vicdana yazıq!..
H.CAVİD
——–‘——–
Bu gecənin sabahını qurd yemiş…
Bu gecənin sabahı day,tuzaqda!
Gör,nə donmuş,qanı durmuş,dayanmış,
Üz-gözündən sanki yağır sazaq da…

Bu gecənin sabahı çox uzaqda,
Bu gecədən bir də sabah doğulmaz.
Üz-gözünə qonmaz azca təbəssüm,
Bir açılıb,qaş-qabağı yox olmaz.

Bu gecədən bir də sabah doğulmaz,
Bu gecədən day,bu gecə dul…qısır!
Sabah olmaz…nə gün çıxmaz…əriməz
Bu gecənin qəlbindəki nə buz,sır.

Bu gecədən day bu gecə dul…qısır…
Bu gecənin gündüzü bir xoş röya!
Allah!..Qovub,tutub,kəsib nəfəsin,
Bu gecəni məzarına kim qoya?

Bu gecənin gündüzü bir xiş röya!
Bu gecənin gündüzünə min il var.
Bir dəniz ki,sahilinə çıxmağa
Nə qayıq var,nə yelkən var,avar var.

Bu gecənin sabahına min il var,
Bu gecənin bitməz gecə həvəsi.
Sopsoyuqdu oxuduğu nəğmə də,
Sopsoyuqdu həm avazı,həm səsi…

Bu gecənin bitməz gecə həvəsi,
Ac həvəsi “min sabahı ud!”-demiş.
Bu gecədən day,bir sabah gözləmə,
Bu gecənin sabahını qurd yemiş…

1937…4 İyun…
Gecədi…uyumuş inam da,din də!
Bir qara niyyətlə,bir qara daşla
Döydülər qapısın Cavidimin də…

Döydülər qapısın Cavidimin də!
Döydülər bir-neçə mülki geyimli.
Döyənlər kim idi?- İblisdən zina!
İlandan məkrli,dəvədən kinli…

Döydülər qapısın Cavidimin də!
Diyirləndi daş,qələmin yoluna.
Qəşş eylədi,İblis güldü,uğundu,
Qandal vurdu sözün,şeirin qoluna.

Döydülər qapısın Cavidimin də!..
Tapdalandı şairin söz gülşəni.
Söz yasaqmı? De,Allahım,onda bəs
Niyə verdin insana bu peşəni?

Döydülər qapısın Cavidimin də!..
Döydülər…sinəyə qoyub qara daş.
Döydülər qələmi,sözü də,ey vah!
Ədalət,mərhəmət bu imiş,qardaş!

Ədalət,mərhəmət bu imiş,qardaş!
Söz qoyuldu qızmar saca lüt-üryan.
Alışdı,odlandı…bir anda oldu
Hecalar,misralar,bəndlər də büryan!

Ədalət,mərhəmət bu imiş,qardaş!
Söz şairdən,şair sözdən üzüldü.
Görüb,ilham pərisinin gözündən
Gildir-gildir odlu yaşlar süzüldü.

Ədalət,mərhəmət dümağa “qara”,
Gülə “tikan”, bülbülə “sar” deməkmiş!
Ənbərə “sarımsaq”,gülaba “ağu”,
Əğyara “yar”,yara “əgyar” deməkmiş!

Ədalət,mərhəmət sanki də xülya…
“Muğam” qarsalandı,şaqqalandı tar.
Ay Allah!..Kim olsun ruhu ovudan?
Ay Allah!..Kim olsun sözə pərəstar?

Ədalət,mərhəmət bu imiş,qardaş-
Şair soymalamaq…söz güllələmək!
Ən böyük fəlakət- şeytana uymaq!
Ən böyük fəlakət- özün bilməmək!

Ən böyük fəlakət: özün bilməmək!
Ən böyük faciə : özünə nifrət!
Kim qənim kəsilə özünə-özü,
Yerlər də,göylər də edər min heyrət.

Kimsən?..Nəsən?..Ya nəçisən?- biıməsən,
Nə əqidə? Nə din,məzhəb,nə iman?
Bir insanı insan kimi yaşadar
Özünə ehtiram,özünə inam.

Özünü bilməmək: Allahı inkar!
Özünü bilməmək: günahdan-günah!
Dünya olar cəhənnəmdən beş bətər,
Qəflət sürüb,bir olmasa intibah.

Özünü bilməmək: soyuq məzarlıq!
Özünü bilməmək: bir məzar daşı!
Kim bilməyə,ya duymaya özünü,
Nə anası,nə bacısı,qardaşı?

Özünü bilməmək: özündən olmaq!
Özünü bilməmək: özünə xorluq!
Yadlaşıb,özünü unudan insan,-
Soyuna,kökünə bu nə nankorluq?!

Sürünəcək…ilan bilib ilandı,
Quşluğunu bilən quş da uçacaq.
Balıq üzüb çayda,göldə,dənizdə,
Qismətidi…ceyran,cüyür qaşacaq.

Nədi?- bilir dağ da,düz də,təpə də…
Nədi?- bilir bit ay,ulaq,qatır da…
Oxsuz kirpi öz içinə qısılıb,
Oxlu kirpi öz oxunu atır da!

Nədi?- bilir bir kol,yovşan,ot-ələf…
Nədi?-bilir bir daş dibi,mamır da…
Qurda-quşa demə “yazıq,nə yazıq!”
Yazıq o ki,kimliyini danır da!

Ən böyük faciə:özünə nifrət!
Ən böyük faciə: -özünü inkar!
Nə qurd,quzu…nə ot-ələf,daş deyil,
Doğulan insandan-insan günahkar!..

Məzahir İsgəndər.
(İxtisarla)
www.kafiye.net