Neyləyim
( Dostum Adil Cəfakeşə müraciət)

Adil qardaş, Solmaz məndən küsübdür,
Danışmağa yoxdur aman, neyləyim?…
“NOTA” verib, əlaqəni kəsibdir,
Başım üstün alıb duman, neyləyim?

Siz küsəndə mən girmişdim araya,
Dost odur ki, dost işinə yaraya,
Bir şeir yaz, məlhəm olsun yaraya,
Çarə tapmaz buna uzman, neyləyim?…

İşin içində var dava qoxusu,
Tamam qaçıb gözlərimin yuxusu,
Bilirəm ki, sevinəcək çoxusu,
Çin çıxacaq neçə güman, neyləyim?…

Yalan örtüb həqiqətin üzünü,
İnciyirlər söyləyəndə düzünü,
Bacı qəbul etmir qardaş sözünü,
Tərsinə dövr edir zaman, neyləyim?…

Söyləyir ki : “Atı sürüb daşlığa*, 
Son qoyubdu mənimlə qardaşlığa”,
Kiçik xəta səbəbdir pərxaşlığa,
Üz çevirib mahi-təvan, neyləyim?…

Sən də bir cəhd elə, ağız aç ona,
Nahaqdan Çingizi salmasın qana,
Lazımdırsa, lap gedim Hindistana,
Falçı tapım, yoxsa şaman , neyləyim?…

 Atalar sözüdür.
21. 02. 2017.
Çingiz Kürdəmirli.
www.kafiye.net