Demədim axı…
Məni sevmə dedim Gülüm, bu qədər,
Bilirdin ki, sonu olacaq kədər,
Var alın yazısı, “Qəzavü-qədər”,
Yaddan çıxar, bu müqəddəs “günah”ı,
Amma, tamam unut demədim axı…..

Sən mənə doğmasan, həm də əzizsən,
Qəlbimdəki silinməyən bir izsən,
Duyğuların ülvi, safsan, təmizsən,
Qaranlıq gecəmin nurlu sabahı,
Məni tamam unut demədim axı….

Yanaqda göz yaşın, əlində qələm,
Dilində ahu-zar, sözündə ələm,
Cəhd elədim, özüm geri, çəkiləm,
Təslim olub yerə qoydum silahı,
Məni tamam unut demədim axı…

Çingizəm, təzaddan yaranmışam mən,
Yuyulub, sərilib, daranmışam mən,
Ətirli baharsan, qarlı qışam mən,
Sancılıb köksümə, tale bıçağı,
Məni tamam unut demədim axı…

Çingiz Kürdəmirli.
www.kafiye.net