Qalıbdır

Məhəbbətdən yaranmış bir kitabam,
Dövran məni gör nə günə salıbdır?
Arada bir tozumu sil, vərəqlə,
Çox səhifəm oxunmamış qalıbdır….

Şüurlara damğa vurur bu zaman,
Zehnimiz korşalır, paslanır hər an,
Oxuyan kəs görməyibdir bir ziyan,
Zirvələrə yol tapıb, – ucalıbdır.

Bir kitabam, – hər şeirim göz yaşı,
Başa düşə bilməz, oxusa naşı,
Misralar qəbrimdi, cildim baş daşı,
Vərəqlərim solubdur, saralıbdır.

Bir kitabam, – nakamlar verib rəyi,
Bir kitabam,- sevənlərin gərəyi,
Olmamışam nadanların xörəyi,
Bəşəri duyğular qidalanıbdır.

Bir kitabam, – sevgidən qoyub izi,
İlhamımı verib, Yaradan özü,
Qələmi tərk etmir hələ Çingizi,
Ruhu gəncdir, nə olsun qocalıbdır.

15.09.2016.
Çingiz Kürdəmirli
www.kafiye.net