20 Yanvar

Hamıya örnək olan bir əbədi tariximiz var,
Yaddaşa qanla yazıldı iki söz : — “20 Yanvar”!!!

Neçə qəlb coşdu həmin gün, necə birləşdi bir anda….
İstiqlal arzusu doldu ürəyə, axdı qanında,
Möhtəşəm cihaddı bu, fövqəl əsarət zamanında,
Bu xalqın qeyrətinə, heyrət ilə baxdı zülümkar,
Yaddaşa qanla yazıldı iki söz:–“20 Yanvar”!!!

Yolumuz birdi…Qurtarmaq əsarət zəncirimizdən,
Hazır idik ölümə, sorsaydılar hər birimizdən,
Dayandırmaq gec idi, çıxmış idik məhvərimizdən,
Bu azadlıq yoludur, gör şəhid olmuş neçə can var!?
Yaddaşa qanla yazıldı iki söz:–“ 20 Yanvar!!!

Top-tüfəng qarşısında dayandıq yalın əlimizlə,
Avtomat gülləsini dəf elədik öz sinəmizlə,
Qazandıq azadlığı, bax beləcə cürətimizlə,
Qələbə nəsibdir ol kəslərə ki, ruhda inam var,
Yaddaşa qanla yazıldı iki söz: — “20 Yanvar”!!!

Gözdağı vermək üçün xalqa , bu da məxfi plandı,
Etdilər gülləbaran, baxmadılar yaşlı, uşaq, ya ki, cavandı,
Vətənin gül-çiçəyi sübhə kimi qanla sulandı,
Qərq oldu göz yaşına, çox sinəyə çəkildi dağlar,
Yaddaşa qanla yazıldı iki söz: –“ 20 Yanvar”!!!

Qeyrəti, igidliyi bax beləcə yozdu Şəhidlər,
Tarixi dəyişdirib, başqa cürə yazdı Şəhidlər,
Çingiz Sizdən nə qədər bəhs eləsə azdı, Şəhidlər,
Yazacaq, çün vətən övladlarına onda inam var …..
Yaddaşa qanla yazıldı iki söz: — “20 Yanvar”!!!.

06 Yanvar 2017.
Çingiz Kerdəmirli.
www.kafiye.net