Soruşma.

Görsən saçlarıma dən düşür mənim,
Səbəbi yaşdan sor,dəndən soruşma.
Bilsəniz canıma dərd olub qənim,
Niyəsin qəm desin,şəndən soruşma.
*
Çox sözlər söylənir qüdrətim haqda,
Dastanlar yaranıb qeyrətim haqda,
Mənim xalqım haqda,millətim haqda,
Məndən sor,yad olan kimdən soruşma.
*
Qəmin acısını ağlardan soruş,
Həyatın barını sağlardan soruş,
Dağ haqda nə sorsan dağlardan soruş,
Dağın hikmətini çəndən soruşma.
*
Bizə pənahı var qadir Allahın,
Eşqə hökmü keçmir sultanın,şahın,
Məhəbbət istəsən yaxın gəl,yaxın,
Dayanıb uzaqdan,gendən soruşma.
*
Qəlbdən sev,qəlbimə gəlmək istəsən,
Elə gül,gül açsın gülmək istəsən,
El qızı olmamı bilmək istəsən,
Onu da eldən sor,məndən soruşma

Nazlı Hacılı.
www.kafiye.net