Qayıt Geri, Dön Mənə.

Mənə tənha deyirlər,
Qayıt geri, dön mənə.
Ürəyimə dəyirlər,
Qayıt geri, dön mənə.

Hədər ötür vaxtımız,
Yellənir boş taxtımız,
Qoy oyansın baxtımız,
Qayıt geri, dön mənə.

Gözümə qəm yığmışam,
Sinəmə qəm sıxmışam,
Qismətindən çıxmışam,
Qayıt geri, dön mənə.

Sözdə naxış kimiyəm,
İncik baxış kimiyəm,
Yuvasız quş kimiyəm,
Qayıt geri, dön mənə.

Gəl ki, ərisin barı,
Könlümün intizarı.
Gedək üfüqə sarı…
Qayıt geri, dön mənə.

Göy üzündə Ay olub,
Dəli axan çay olub,
Tanrıdan bir pay olub,
Qayıt geri, dön mənə.

Bilmirəm dözüm nədi,
Ya, görmür gözün nədi?
Dəstəgül sözün dedi,
Qayıt geri, dön mənə…

 

Destegül Zamanlı
www.kafiye.net