DÜNYAYA GƏLMƏYİB HƏLƏ SEVDİYİM..

(Bir şeiri oxuduqdan sonra)

Çoxu elə bilir bir sevdiyim var,
Dünyaya gəlməyib hələ sevdiyim..
Etsəm də şeirde belə ahu-zar,
Dünyaya gəlməyib hələ sevdiyim..
*
Uzaqdan dayanıb o məni süzür,
Nəfəsi şeirdə,sətirdə gəzir,
Qələmim vəsf edib hey ondan yazır,
Dünyaya gəlməyib hələ sevdiyim..
*
Ruhu ruhumdadır,canı canımda,
Gecə də,gündüz də hər vaxt yanımda,
Bu sevda dövr edir mənim qanımda,
Dünyaya gəlməyib hələ sevdiyim..
*
Ruh verir,həyata səsləyir məni,
Nəvaziş göstərib bəsləyir məni,
İnan ki,məndən çox istəyir məni,
Dünyaya gəlməyib hələ sevdiyim..
*
Çətinə düşərsəm tutur əlimdən,
Mənim tək güc alır o da elimdən,
Sevinir xoş sözlər duysa dilimdən,
Dünyaya gəlməyib hələ sevdiyim..
*
Hərdən gözlərini dikir gözümə,
Həsrətlə,vüqarla baxır üzümə,
Ürəkdən bağlıdır özü-özümə,
Dünyaya gəlməyib hələ sevdiyim..
*
Mənimlə danışır,mənimlə gülür,
Mənim hər arzumu,fikrimi bilir,
Qəmlənsəm gözümün yaşını silir,
Dünyaya gəlməyib hələ sevdiyim..
*
Hər zaman fikrimdə,xəyalımdadır,
Vüsalı şirindir,sanki bal dadır,
Mənim məhəbbətim,sevgim ondadır,
Dünyaya gəlməyib hələ sevdiyim..

Nazlı Hacılı.
10.09.2016.
www.kafiye.net