DAĞLAR..

Sinəsi düşmənə sipər olubdur,
Əzəldən bu başı bəlalı dağlar.
Kim bilir kimləri yola salıbdır,
Çiyni dərd yüküylə şələli dağlar..
*
İllərə şahitdir,nələr görübdür,
Qara saç darayıb,ağ da hörübdür
Lal kimi yerində sakit durubdur,
Qeyrətli,ismətli,həyalı dağlar..
*
Zirvəsi dumanlı,döşü laləli,
Gözəl kəklikləri süslü,cilvəli,
Ceyranı,cüyürü gözü sürməli,
Necə də doğmadır,vəfalı dağlar..
*
Zirvədə qartallar müdam qıy vurur,
Duruşunda vardır əzəmət,qurur,
Sədaqətlə yurda keşikdə durur,
Ətəyi tərlanlı,sonalı dağlar.
*
Keçmişin izləri canında qalıb,
Ucalıq,alilik şanında qalıb,
Deyərdim hər zaman yanında qalıb,
Nazlının fikiri,xəyalı dağlar…

Nazlı Hacılı.
3.10.2016.
www.kafiye.net