Sən Olmuşam

Sən tar, mən tarın simi,
Mən dönüb sən olmuşam.
Nağılda tilsim kimi,
Mən dönüb sən olmuşam.

Sən könlümdə bir nübar,
Səninlə olmuşam var,
Özümdəmi ixtiyar,
Mən dönüb sən olmuşam.

Özümü tapıb səndə,
Oldum günahkar bəndə,
Axtarma məni məndə,
Mən dönüb sən olmuşam.

Gündüz-gecə bilmədən,
Ağrı-acı bilmədən,
Necə, necə bilmədən,
Mən dönüb sən olmuşam?

Bəxt elə sıxıb məni,
“Taxtından “yıxıb məni,
Aparıb yuxu məni,
Mən dönüb sən olmuşam.

Dəstəgül demir yalan,
Gətirdim sənə iman,
Sən ey mənim olmayan,
Mən dönüb sən olmuşam.

Destegül Zamanlı
www.kafiye.net