Gətirərsən!

Azəri elimin,ay şair qızı,
Gəl indi vəsf eylə qızıl payızı,
Eşidən olmadı harayımızı,
Bu fəsli payızda yaz gətirərsən!
*********
Yayın qızmarında eləcə yandım,
Doğmamı itirdim beləcə yandım,
Dostum ya düşmənim güləcə yandım,
Dərdimi deməyə saz gətirərsən!
*****
Yaşadım aranda yaylağa həsrət,
Üzdü ürəyimi qəm ilə möhnət,
Bağlaya bilmədim kimsəylə ülfət,
Məni ağlamağa göz gətirərsən!
*********
Bağbanı olmayan gül olan mənəm,
Naləsi-fəryadı zil olan mənəm,
Ocağı sönükən,kül olan mənəm,
Qorlanıb,yanmağa köz gətirərsən!
*******
Yamanca soyudum eldən-obadan,
Kimsəni tapmıram ana-atadan,
Sifətlər gedibdir,abır- həyadan,
Qızarıb -allanan üz gətirərsən!
********
İtirib hər bir şey öz dadın-tamın,
Rəbbim özü verib şair ilhamın,
Ocağın üstündə qaynar qazanın,
Bişən xörəyinə duz gətirərsən!!
********
Elə təşnəyəm ki,dərdin içində,
Nadanlar dolaşır mərdin içində,
Sağalmaz yaram var qəlbim içində,
Üstünə qoymağa buz gətirərsən!
********
Bir ömür boyunca gülə bilmədim,
Haqq mənə nə yazdı bilə bilmədim,
Ölmək istəyirkən ölə bilmədim,
Dərdə tablamağa döz gətirərsən!
********
Solmazam,ay bacı sinəm qəm dolu,
Əzəldən bağlıdır bəxtimin yolu,
Olmuşam Rəbbimin ən sadiq qulu,
Onu vəsf etməyə söz gətirərsən!

07-10-2016
Solmaz Şirvanlı
www.kafiye.net