MƏN BURDA, SƏN ORDA AXAN ÇAY OLDUQ

Mən burda,sən orda axan çay olduq…
Ah,gülüm,qovuşub,bir axmalıydıq.
Yersiz təkəbbürü,kini,qəzəbi
Atıb,bir tərəfə buraxmalıydıq.

Ah,gülüm,qarışıb,bir axmalıydıq,
Duymadıq nə yazıq,qəlbin sözünü.
Dəyişib yolunu bir axşam çağı,
Hərəmiz bir səmtə tutdu üzünü.

Dəyişib səmtini bir axşam çağı,
Əbədi ayrılıq yolunu tutduq.
O yol tükənmədi,o yol bitmədi,
Nə sən məni,nə mən səni unutduq.

Əbədi ayrılıq yolunu tutduq,
Gah donduq,üşüdük,gah da ki yandıq.
Sən mənim,mən sənin yazıq halına
Sən ordan,mən burdan baxdıq,dayandıq.

Gah donduq,üşüdük,gah da ki yandıq,
Yandı nəfəsimiz,dondu səsimiz.
Biz elə məktəbdə oxuduq,gülüm,
“Leyli-Məcnun” oldu bir hey dərsimiz.

Biz elə məktəbdə oxuduq,gülüm,
Düşmədi biz olan sinifə işıq.
Elə bil yüz ildi,min illərdi ki,
Yana-yana bir sinifdə qalmışıq…

…Bir-birinə yetişməyən səs-səda,
Bir-birinə qovuşmayan hay olduq.
Hərəmiz bir səmtə tutdu üzünü,
Mən burda,sən orda axan çay olduq…

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net