Can Deyib

Can deyib,canana canımı verdim,
Neynədim qədrimi bilmədi mənim.
Telinə gül düzdüm,çiçəklər hördüm,
O zalım üzümə gülmədi mənim.
*************
Əlimdən getsədə xəyalımdadır,
Göyə pərvaz edən vüsalımdadır,
O mənim əqlimdə,kamalımdadır,
Onlu xəyallarım ölmədi mənim!
************
Gözlədim yolunu həsrət içində,
Ötüşdü günlərim möhnət içində,
Bir ömür yaşadım xiffət içində,
Dərdimi-qəmimi bölmədi mənim.
************
Dolandı xəyalım gəzdi dalınca,
Heç oldum,puç oldum onsuz qalınca,
Ayrılıq havasın fələk çalınca,
Ömrüm düyün düşmüş ilmədi mənim.
*******
Ömrün baharında qışa dönmüşəm,
Qanadı qırılmış quşa dönmüşəm,
Solmazam,gözlərdə yaşa dönmüşəm,
O ağlar gözümü silmədi mənim.

16-10-2016
Solmaz Şirvanlı
www.kafiye.net