HƏLƏ DƏ,YOLLARDA DURUB BİR OĞLAN
Hələ də,yollarda durub bir oğlan
Hələ də,əlində bir dəstə gül var.
Hələ də,gözündə sabaha ümid,
Hələ də,ruhunda bir təlatüm var.

Hələ də,əlində bir dəstə gül var,
Hələ də,gözləri yola dikili…
Hələ də,hələ də olub özündən-
Bölünüb,olubdu bir yox,ikili!..

Hələ də,gözləri yola dikili…
Hələ də,yolların ürəyi daşdı.
Hələ də,vüsalın gözləri yaşlı,
Ayrılıq ürəyə dostdu,qardaşdı.

Hələ də,yolların ürəyi daşdı,
Hələ də,yerlərə göylər acımaz.
Hələ də,hələ də sevən bu qəlbə
Dan yeri ağarmaz,sabah açılmaz.

Hələ də,yerlərə göylər acımaz,
Hələ də göz gülüb,könül şad olmaz.
Hələ də,dəyişib çaylar səmtini,
Salam verib,bir-birinə qatılmaz.

Hələ də göz yumub,könül şad olmaz,
Hələ də,kor şeytan çəkər qəhqəhə.
Hələ də,hələ də şərbət yerinə
Zalim dünya həsrət tökər qədəhə…

…Hələ də,kor şeytan çəkər qəhqəhə,
Hələ də,dayanmaz ölən,doğulan.
Bir əldə ürəyi,bir əldə tər gül-
Hələ də,yollarda durub bir oğlan…

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net