ƏLVİDA DEMƏYƏ PEŞİMAN OLDUM

Əlvida deməyə peşiman oldum,
Əlvida dedim də,gözüm gülmədi.
Əlvida dediyim o andan,gülüm,
İçim də,çölüm də dəlmə-dəlmədi.

Əlvida dedim də,dilim inlədi,
Sağım da,solum da od dağı oldu.
Əlvida dedim də,hər bir dərdimin
Min kökü, min şaxı,budağı oldu.

Əlvida dedim də,hər bir dərdimin
Hər biri üstünə min dərd qalandı.
Ömrümdən sayılı qalan günlərin
Sifəti hallandı,ruhu talandı.

Əlvida dedim də,deyib,çəkdim ah,
Əlvida dedim də,ürəyim əsdi.
Bir anım gövrəlib,özümə doğru,
Bir anım da sənə doğru tələsdi.

Əlvida dedim də,ürəyim əsdi,
Əlvida dedim də,qələm ağladı.
Əlvida dedim də,buna dözməyib,
Hər sözüm,hər kəlməm vərəm bağladı.

Əlvida dedim də,day açılmadı
Nə günüm-gündüzüm,nə danım mənim.
Saraldı,soluxdu o gül,gülüstan,
Qaldı yana-yana güldanım mənim…

…Saraldı,soluxdu o gül,gülüstan,
Od olub,özümün içimə doldum.
Əlvida dediyim o andan ,gülüm,
Əlvida deməyə peşiman oldum…

MƏZAHİR İSGƏNDƏR
27.08.2016
www.kafiye.net