CAN VƏTƏNİM, CAN VƏTƏNİM

Bir çinardın,budandın sən,
Qiymə-qiymə doğrandın sən,
Biz yad olduq,utandın sən,
Bağrı olan qan Vətənim,
Can Vətənim! Can Vətənim!

Dünkü əlin-qolun hanı?
Yolun,sağın-solun hanı?
Gülün soldu,kolun hanı?
Olan lüt-üryan Vətənim,
Can Vətənim! Can Vətənim!

Nə göz yumub,nə dincələn,
Süngülənib,xəncərlənən,
Qandallanıb,zəncirlənən,
Oduna büryan Vətənim,
Can Vətənim! Can Vətənim!

Yadlar alıb,yada satan,
Sinəsinə min dərd çatan,
Zarı qalıb,səsi batan,
Gözləri giryan Vətənim,
Can Vətənim! Can Vətənim!

Ada,şöhrətə yetmədik,
Nə ölmədik,nə itmədik,
Vaylar bizə,ki etmədik
Dərdinə dərman,Vətənim,
Can Vətənim! Can Vətənim!

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net