BAŞIMIN ÜSTƏDİR ALLAHIM MƏNİM

Bu nurlu dünyaya mən göz açandan,
Tanrıdır ümidim, pənahım mənim.
Istər gecə olsun, istərsə gündüz,
Başımın üstədir Allahım mənim.

Tufan qopartsa da bəxtimdə fələk,
Etsə də ömrümü lap ələk-vələk.
Düşmənim kimdirsə, ona qarşı tək,
Haqdır, ədalətdir silahım mənim.

Dosta çal-çağıram, düşmənə yasam,
Mümkün deyil Tanrı yazanı pozam.
Bir günahım varsa min ahla yusam,
Demək onda yoxdur günahım mənim.

Zaman öz çarxını fırlatsa da tərs,
Kiməsə bəsləməz könlüm qəsd-qərəz.
Yeni bir dünyadı, yeni bir nəfəs,
Açılan hər nurlu sabahım mənim.

05.10.2004
Zaur Vedili
www.kafiye.net