BAŞIM DİZLƏRİNİN ÜSTÜNDƏ ÖLSƏM

“Yollara yazılan məktublar” dəftərindən.

Başım dizlərinin üstündə ölsəm,
Üzündən-gözündən kədər yağmasın.
Nə bir sınıx,nə də üzül bir azca,
Nə el-oba mənə yansın,ağlasın.

Başım dizlərinin üstündə ölsəm,
Dünya yanar paxıllıqdan,həsəddən.
Qapadarsan əllərinlə gözümü,
Bəlkə,mən də qurtararam həsrətdən.

Başım dizlərinin üstündə ölsəm,
Bəlkə də,həyata ilk gəlişimdi.
Bəlkə də qismətdə,bəxtdə enişim,
Eşqdə göylərə yüksəlişimdi!

Başım dizlərinin üstündə ölsəm,
Mənim baharımdı,mənim yazımdı.
Kim bilir,bəlkə də bu an, bu səhnə
Ən gözəl,ən şirin alın yazımdı?!

Başım dizlərinin üstündə ölsəm,
Bəlkə, boynun bükməyəcək bənövşə?..
Nə olar,nə olar gülüm,hazır ol,
Başla dizin bir olduğu görüşə!

Başım dizlərinin üstündə ölsəm,
Min illik dərd-qəmim qönər sevincə.
Hələ də,bu sirri kimsə bilməyib,
Nələrə qadirmiş insan,sevincə?!.

…Nə bir sınıx,nə də üzül bir azca,
Nə el-oba mənə yansın,ağlasın.
Başım dizlərinin üstündə ölsəm,
Üzündən-gözündən kədər yağmasın…

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net